×
A
A
A
Sazlamalar

Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər VİDEO

Bakı, 20 may, AZƏRTAC 

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərindəki hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra tədbir iştirakçılarına Xidmət rəisi, gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.
Mərasimdə ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafındakı xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd edilib.
Çıxış еdənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyini xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılayacaqlarına əminliklərini bildirərək onlara müvəffəqiyyətlər arzulayıblar.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyününün bərpası, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının təmin edilməsi və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə olunub. Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsinin DSX-yə həvalə edilməsi şərəf və qürur olmaqla yanaşı, eyni zamanda, Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimad və etibarının ifadəsi kimi dəyərləndirilib.
Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

 

Sosial 2019-05-20 13:07:00

Video