×
A
A
A
Sazlamalar

Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşının beynəlxalq simpoziumda təklif etdiyi metodika maraqla qarşılanıb

Bakı, 20 may, AZƏRTAC 

Hindistanın Heydərabad şəhərində “Noseplasty 2019” simpoziumu keçirilib. Simpoziumda 100-ə yaxın plastik cərrah iştirak edib. Ölkəmizi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Məzahir Quliyev təmsil edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, toplantıda müxtəlif burun problemlərinin həllinə, o cümlədən qalındərili burunlara yanaşma ilə əlaqədar videomateriallar təqdim olunub, təqdimatlar və müzakirələr aparılıb. Tədbirdə məruzə ilə çıxış edən M.Quliyev rinoplastika əməliyyatlarını təkmilləşdirmək üçün hazırladığı alətləri və metodikaları təqdim edib. Məruzəçinin piezo üsulu ilə osteotomiyalarda yaranan çətinliklərdən uzaq olmaq üçün, həmçinin əyri burunların düzəldilməsinə dair təklif etdiyi metodika, burun çəpərində olan perforasiyaların qapadılmasına görə təklif etdiyi alət haqqında məlumat və videomaterial dinləyicilər arasında maraq doğurub və müzakirə olunub.
Həmyerlimiz gələn il keçiriləcək simpoziuma da dəvət edilib.

Səhiyyə 2019-05-20 12:42:00