×
A
A
A
Sazlamalar

Azərbaycan İlahiyyat İnstitutu kollektivinin maarifləndirici səfərləri davam edir

Bakı, 20 may, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) heyəti orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbirlər çərçivəsində Bakı İslam Universitetinin (BİU) Zaqatala filialının və Əliabad İslam Kollecinin müəllim və tələbə kollektivləri ilə görüşüb.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, BİU-nun Zaqatala filialının direktoru Malik Bilalov rəhbərlik etdiyi ali məktəb haqqında geniş məlumat verib, tədris prosesi, keçirilən fənlər barədə danışıb. Aİİ-nin heyəti dərs prosesi ilə tanış olub, tələbələrlə söhbətlər aparıb.
Əliabad İslam Kollecində müəllim və tələbə heyəti ilə görüş zamanı təhsil müəssisəsinin direktor müavini Səməd Vahabov Aİİ haqqında məlumat verib. Vurğulayıb ki, dini radikalizmə qarşı mübarizədə və sağlam dini düşüncənin formalaşmasında dini maarifləndirmə böyük əhəmiyyət kəsb edir.
Aİİ-nin rektoru Ceyhun Məmmədov Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb. Ceyhun Məmmədov vurğulayıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir. Bunun ən bariz nümunəsi Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır.
Ali təhsil müəssisəsi haqqında bəhs edən rektor institutun yaradılma məqsədi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri haqqında danışıb.
Aİİ-nin magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, kollec tələbələrinə instituta qəbul qaydaları barədə məlumat verib. Bildirib ki, ali təhsil müəssisəsində magistratura və doktorantura səviyyələri üzrə də qəbul aparılır. İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq.
Fidan Yusifova xarici dillərə yiyələnmək, xaricdə təhsil imkanları, təqaüd proqramları, tələbələrin sosial həyatı, yay və qış məktəbləri haqqında ətraflı məlumat verib.
Sonda kollec tələbələrinin sualları cavablandırılıb.
İnstitutun heyəti səfər zamanı Zaqatala şəhər, Car, Tala və Əliabad məscidlərini ziyarət edib. Məscidlər haqqında Aİİ kollektivinə geniş məlumat verilib.

Elm və təhsil 2019-05-20 12:37:00