×
A
A
A
Sazlamalar

Ümumdünya Metrologiya Günü qeyd olunub YENİLƏNİB

Bakı, 20 may, Ramiz Quliyev, AZƏRTAC

Bakıda mayın 20-si Ümumdünya Metrologiya Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Metrologiya İnstitutunun Baş direktoru Saleh Səmədov ölkəmizdə metrologiya sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklərdən söz açıb. Bildirib ki, son illər respublikada Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mütərəqqi islahatlar nəticəsində metrologiya sahəsində də köklü dəyişikliklər edilib.
İnstitut rəhbəri, həmçinin diqqətə çatdırıb ki, hər bir ölkənin iqtisadiyyatında, o cümlədən insanların gündəlik həyatında metrologiyanın mühüm rolu var. Bu baxımdan, Azərbaycanda metrologiya sahəsinin inkişafı dövlətin daim diqqət mərkəzindədir. Belə ki, bu sahədə beynəlxalq qanunvericiliyə uyğun olaraq, 2000-ci ildə müvafiq Qanun qəbul edilib, Azərbaycan Metrologiya İnstitutu və digər hüquqi təsisatlar yaradılıb.
Azərbaycan Metrologiya İnstitutunun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verən S.Səmədov vurğulayıb ki, rəhbərlik etdiyi təşkilat ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində yeganə dövlət qurumudur. Hazırda institutun binasında Milli Etalonların saxlanıldığı 8 laboratoriya və ölçmə vasitələrinin yoxlanılmasını və kalibrlənməsini yerinə yetirən 9 laboratoriya fəaliyyət göstərir.
Qeyd edib ki, institut Azərbaycan Respublikasının Milli Etalonlarının saxlayıcısıdır. Eyni zamanda, Azərbaycan Metrologiya İnstitutu Azərbaycanın üzv olduğu 2 beynəlxalq və 3 regional metrologiya təşkilatlarında ölkəmizi təmsil edir. İnstitutun əməkdaşları Almaniya, Çex Respublikası, Türkiyə, Koreya Respublikası, Avstriya, Fransa və digər ölkələrin metrologiya institutlarında uzunmüddətli təlimlər keçib, müvafiq sertifikatlar alıblar. Bundan başqa, institutun respublikamızın 5 bölgəsində müvafiq metroloji avadanlıqlar və ixtisaslı kadrlarla təmin edilən ərazi idarələri fəaliyyət göstərir.
S.Səmədov vurğulayıb ki, yaxın gələcəkdə isə institutda maye və qaz sərfi, həcm, uzunluq, qüvvə, nəmlik, akustika, fotometriya, kolorimetriya və digər kəmiyyət vahidlərinin yeni etalon laboratoriyalarının yaradılması nəzərdə tutulub. Əsas məqsəd ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət siyasətini həyata keçirməklə Azərbaycan ərazisində aparılan bütün ölçmələrin tələb olunan dəqiqliyini təmin etməkdir.

İqtisadiyyat 2019-05-20 12:09:00