×
A
A
A
Sazlamalar

Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşları NDU-da tələbələrlə görüşüblər

Naxçıvan, 20 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin (NDU) tələbələri ilə görüş keçirib.
NDU-nun televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müvafiq Sərəncamın əhəmiyyətindən danışıb. Qeyd edib ki, dövlət sənədi bilikli və təcrübəli gənc kadrların hazırlanmasında böyük imkanlar açır.
Vurğulanıb ki, layihələrin dəyərləndirilməsi üçün ekspert qrupunun və ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlərin yaradılmasına başlanılıb və tələbələr tərəfindən təqdim olunan layihələrin qəbulu və təqdimatların keçirilməsi öhdəliyi bu mərkəzlər tərəfindən idarə olunur.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov tələbələrin hamiliyə götürülməsi və startap layihəsinin əhəmiyyətini qeyd edib, bildirib ki, bu cür yeniliklər yetişən gənc nəslin gələcək iş həyatı üçün önəmli körpü yaradır.
Komitənin şöbə müdiri, universitetin meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi kafedrasının müəllimi Səttar Nəsirov vurğulayıb ki, sözügedən layihələrdə gənclərin intellektual və yaradıcı potensialının, ideyalarının reallaşdırılması üçün dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, onlara daha əlverişli şəraitin yaradılması, fəallığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçiriləcək.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Regionlar 2019-05-20 12:08:00