×
A
A
A
Sazlamalar

SOCAR-ın təlim, tədris mərkəzi şagird qəbulu üçün müsabiqə keçirir

Bakı, 20 may, AZƏRTAC

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzi şagird qəbulu üçün müsabiqə elan edib.
Şirkətdən–dən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, Sumqayıt şəhəri və ya Abşeron rayonunda qeydiyyatı olmalı (həmin ərazilərdə məskunlaşmış məcburi köçkünlər də müraciət edə bilər), sentyabrın 15-dək 29 yaşı tamam olmamalıdır. Hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müsabiqəyə müraciət edə bilməzlər. Müsabiqədə iştirak etmək istəyən kişilərin həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq hərbi bileti olmalı, tibb müəssisəsindən sağlamlıq haqqında arayış təqdim etməlidirlər.
Təlim mərkəzinə aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nasos qurğusu maşinisti və təmirçi çilingər peşə ixtisasları üzrə ümumilikdə 33 şagird qəbul olunacaq.
Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı www.socar.az internet səhifəsinin “Karyera” bölməsinin “Təlim mərkəzlərinə sənəd qəbulu” keçidinə daxil olaraq əldə edə və müvafiq qaydada müraciət edə bilərsiniz. Müraciət üçün son tarix mayın 28-dir.
Xatırladaq ki, qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların hər hansısa birinin pozulması aşkarlandıqda qaydanı pozan şəxs dərhal kursdan kənarlaşdırılacaq. Qanunvericiliyə müvafiq olaraq, qadın əməyinin tətbiqi qadağan olunduğu peşələr üzrə yalnız kişilər qəbul ediləcək. Əvvəlki illərdə müsabiqədən uğurla keçmiş amma üzrsüz səbəbdən imtina etmiş namizədlər müraciət edə bilməzlər. Orta ixtisas və ilk peşə təhsilli namizədlər attestat əvəzinə diplom təqdim etməlidirlər.

Neft - qaz 2019-05-20 11:57:00