×
A
A
A
Sazlamalar

Fənn müsabiqələrinin birinci mərhələsində paytaxt üzrə 9000-ə yaxın şagird iştirak edib

Bakı, 20 may, AZƏRTAC
Paytaxt üzrə ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında V Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu mərhələdə paytaxt üzrə ümumtəhsil müəssisələrindən 9000-ə yaxın şagird iştirak edib.
Müsabiqədə VI sinif şagirdləri riyaziyyat, informatika fənləri, VII sinif şagirdləri isə fizika, kimya, biologiya fənləri üzrə biliklərini nümayiş etdiriblər.
Fənn müsabiqələrinin ilkin mərhələsində şagirdlərə məktəb proqramına uyğun tapşırıqlarla yanaşı, məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən suallar təqdim edilib. Əlli sualın cavablandırılması üçün şagirdlərə 3 saat vaxt verilib.
Müsabiqənin birinci mərhələsi paytaxt üzrə 17 mərkəzdə təşkil olunub. Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər növbəti turda seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən) imtahan verəcəklər.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

Elm və təhsil 2019-05-20 11:19:00