×
A
A
A
Sazlamalar

Azərbaycan Universitetinin tələbələri dağ yəhudiləri sinaqoqunu ziyarət ediblər

Bakı, 20 may, AZƏRTAC 

Azərbaycan Universitetinin sosial işin təşkili kafedrasının müəllimləri Tünzalə Verdiyeva və Gülnar Abbasova icmalarla aparılan sosial işin əsaslarını daha əyani şəkildə tələbələrə çatdırmaq üçün müxtəlif görüşlər təşkil edirlər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə sosial iş ixtisası üzrə təhsil alan III kurs tələbələri paytaxtdakı dağ yəhudiləri sinaqoqunu ziyarət ediblər.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev tələbələrə icmanın və sinaqoqun fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, hazırda Azərbaycanda dağ yəhudilərinə məxsus 6 sinaqoq fəaliyyət göstərir. Azərbaycan möhkəm tolerantlıq ənənələri olan ölkədir. Burada müxtəlif dinlərin, etnos və millətlərin, mədəniyyətlərin nümayəndələri əsrlərboyu sülh, qarşılıqlı hörmət, dostluq şəraitində yaşayıb və bu ənənə günümüzdə də davam edir. Bütün dinlərin nümayəndələrinə eyni münasibət göstərilir, digər bütün icmaların nümayəndələri kimi yəhudi icmasının üzvləri də dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər.
İcma lideri bildirib ki, Azərbaycanda məskunlaşan yəhudilər elm, təhsil, siyasət, səhiyyə, mədəniyyət kimi cəmiyyət həyatının bütün sahələrində təmsil olunub, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü qorumaq uğrunda mübarizədə kənarda qalmayıblar. Cəbhəyə könüllü gedən cəsur tankçı Albert Aqarunov 1992-ci ilin mayında Şuşa şəhəri uğrunda döyüşlərin birində qəhrəmancasına həlak olub. Bakıda Şəhidlər xiyabanında dəfn olunan qəhrəman tankçıya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Azərbaycan xalqı onun xatirəsini daim uca tutur.
Milix Yevdayev tələbələrin yəhudilərin inanc və ibadətləri ilə bağlı suallarını da cavablandırıb. O, Azərbaycan Universitetinin müəllim və tələbələrinin təşəbbüsünü müsbət qiymətləndirib və bu cür görüşlərin mütəmadi təşkil olunmasını təklif edib.

Elm və təhsil 2019-05-20 10:46:00