×
A
A
A
Sazlamalar

“Azərişıq” ölkənin qərbində gücləndirilmiş iş rejiminə keçib

Bakı, 19 may, AZƏRTAC

Ölkəmizin qərb regionunda hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarında regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib. Hazırda “Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülür.
“Texniki departamentə tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Hazırda ölkəboyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunur. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur. Daxil olan müraciətlərə əsasən harada problem yaranarsa, “Azərişıq” ASC-nin əməkdaşları bu problemi operativ qaydada aradan qaldırmağa tam hazırdır”, - deyə T.Mustafayev vurğulayıb.

Regionlar 2019-05-19 21:53:00