×
A
A
A
Sazlamalar

UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş olunub

Gəncə, 20 may, Rauf Hacıyev, AZƏRTAC

UEFA Avropa Liqasının kuboku Gəncəyə gətirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 19-da UEFA Avropa Liqasının kuboku Nizami yurduna gətirilib və Heydər Əliyev adına Meydanda futbol azarkeşləri və ictimaiyyət qarşısında nümayiş olunub.
Avropa Liqasının təbliğat və kommersiya üzrə meneceri Tural Piriyev bildirib ki, tədbirin təşkilində məqsəd mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununda təqdim olunacaq kubokla idmansevərləri tanış etməkdir.
Kubokun ictimaiyyətə təqdimatından sonra maraqlı konsert proqramı təqdim olunub. Gənc musiqiçilər və rəqs qrupları özlərinin maraqlı ifaları ilə tamaşaçılar qarşısında çıxış ediblər.
Tədbir çərçivəsində, həmçinin maraqlı əyləncəli oyunlar, yarışmalar və viktorinalar təşkil olunub. Viktorinanın qalibinə final oyununun 2 bileti hədiyyə olaraq verilib.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.

Regionlar 2019-05-19 18:41:00