×
A
A
A
Sazlamalar

Şimal bölgəsinin 1500-ə yaxın məzunu biliyini Xaçmaz şəhərində yaradılan imtahan mərkəzlərində sınayıb

Xaçmaz, 19 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 19-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən şimal bölgəsinin məzunları Xaçmaz şəhərində biliklərini sınayıblar.
AZƏRTAC xəbər verir ki, bu bölgədən olan, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 1476 məzun üç mərkəzdə - akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-lisey, şəhər 9 nömrəli və Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəblərində imtahan veriblər.
İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri, III qrupda isə Azərbaycan dili, ədəbiyyat və tarix fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilib.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki bildirib ki, imtahanlara 137 nəzarətçi müəllim, o cümlədən 11 imtahan rəhbəri cəlb olunub. İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. İmtahan saat 11:00-da başlayıb və 3 saat davam edib. Proses zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb.
İmtahandan dərhal sonra – saat 16.00-da DİM-in “YouTube” kanalı və “Facebook” səhifəsi vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
İmtahan Xaçmazla yanaşı, respublikanın daha 10 şəhər və rayonunda, ümumilikdə, 66 binada aparılıb.

Regionlar 2019-05-19 14:40:00