×
A
A
A
Sazlamalar

Türkiyə Superliqası: Bu gün İstanbul derbisi oynanılacaq

Bakı, 19 may, AZƏRTAC

Bu gün futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi oynanılacaq.
AZƏRTAC xəbər verir ki, XXXIII turun mərkəzi qarşılaşmasında
"Qalatasaray" komandası "Başakşəhər"i qəbul edəcək. Görüşdə qalib gələn komanda Superliqanın oyunlarının yekunlaşmasına bir tur qalmış çempionluğunu elan edəcək. Matç heç-heçə başa çatacağı təqdirdə çempion sonuncu turda məlum olacaq.
Komandalar arasında keçiriləcək 24-cü qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. İndiyədək keçirilmiş 23 oyundan 11-də "Qalatasaray", 7-də "Başakşəhər" meydandan qalib ayrılıb. Beş görüşdə isə qalib müəyyənləşməyib. Bu iki klub arasında keçirilmiş sonuncu oyunda komandalar hərəyə bir dəfə fərqləniblər – 1:1.
"Qalatasaray" bu mövsüm rəqib komandaların qapılarına 67, "Başakşəhər" isə 47 qol vurub.
"Qalatasaray" bu oyunda qələbə qazanacağı təqdirdə ardıcıl ikinci, ümumiyyətlə isə 22-ci dəfə çempion olaraq mühüm uğur əldə edəcək. "Başakşəhər" qarşılaşmadan qalibiyyətlə ayrılacağı təqdirdə isə Superliqanı birinci sırada başa vuraraq tarixində ilk dəfə bu uğura nail olacaq.
"Qalatasaray" 32 turdan sonra hazırda turnir cədvəlində 66 xalla liderdir. Eyni xala malik "Başakşəhər" isə top fərqinə görə ikinci pillədə yer alıb.
Qeyd edək ki, "Türk Telekom" stadionunda keçiriləcək görüşün baş hakimi Cüneyt Çakırdir.

İdman 2019-05-19 04:25:00