×
A
A
A
Sazlamalar

Abşeron rayonunda internet abunəçilərinin sayı 40 mini ötüb

Xırdalan, 18 may, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunda vətəndaşlara keyfiyyətli telekommunikasiya xidməti göstərilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. İlin birinci rübündə əhalinin telefon rabitəsi ilə təmin edilməsi məqsədilə daxili imkanlar hesabına 60 layihənin icrasına başlanılıb, rayonun yaşayış məntəqələrində 400 abunəçi üçün yeni telefon xətt şəbəkəsi tikilib istifadəyə verilib. Bu günə kimi görülmüş işlərin nəticəsi olaraq, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 95-ə, internet istifadəçilərinin sayı isə 54-ə çatdırılıb.
Bu barədə AZƏRTAC–a Abşeron Telekommunikasiya Qovşağından məlumat verilib.
Bildirilib ki, ötən il internet abunəçilərinin sayı 5 min abonent artmaqla, 40 mini ötüb. Abşeron Telekommunikasiya Qovşağı tərəfindən tarif gəliri planı üzrə 2018-ci ildə 8 milyon 353 min manat gəlir əldə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 704 min manat çoxdur.
“Azərpoçt” MMC-nin Abşeron Poçt filialı 957 min manat plan proqnozuna qarşı tarif gəlirini 973 min manat yerinə yetirib. Ötən ildən rayonun poçt şöbələrində 70-ə yaxın xidmətdən əlavə, smart tipli sayğacların enerji haqlarının toplanılmasına və elektron imza ilə maşın sığortalarının həyata keçirilməsinə də başlanılıb.

Regionlar 2019-05-18 17:46:00