×
A
A
A
Sazlamalar

Üzeyir Hacıbəyli obrazına ən çox müraciət edən rəssam

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində tanınmış rəssam Ənvər Əliyevin anadan olmasının 75 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri muzeyin direktoru, Əməkdar incəsənət xadimi, professor Sərdar Fərəcov açaraq fırça ustasının rəssamlıq sənətinin inkişafındakı xidmətlərindən söhbət açıb. Bildirib ki, Üzeyir Hacıbəylinin ev-muzeyi görkəmli rəssamların dahi bəstəkara həsr etdikləri rəngkarlıq nümunələri ilə zəngindir. Onların sırasında Üzeyir Hacıbəyli obrazına ən çox müraciət edən rəssam mərhum Ənvər Əliyev olub.
Qeyd edib ki, bu gün muzeydə nümayiş etdirilən “Üzeyir Hacıbəyli və Şarl de Qoll”, “Üzeyir Hacıbəyli və Məhəmməd Əmin Rəsulzadə”, “Üzeyir Hacıbəyli Köçəri yaylağında”, “Üzeyir Hacıbəyli və Məleykə xanım Peterburqda”, “Üzeyir Hacıbəyli və Hüseyn Cavid”, “Rostropoviçlər ailəsi Hacıbəylilər ailəsinin qonağıdır” kimi yağlı boya ilə çəkilmiş rəsm əsərlərinin müəllifi Ənvər Əliyevdir. Bu əsərlər ev-muzeyinin diqqətçəkən guşələrində nümayiş etdirilir və muzeyə gələnlərin böyük marağına səbəb olur.
Mərhum rəssamın yaxın dostu, onun haqqında “Ənvər Əliyev - yarımçıq qalmış melodiya” kitabının müəllifi, publisist-sənətşünas Eldəniz İbrahimov fırça ustası barədə xatirələrini bölüşüb və ona həsr etdiyi nəşr barədə məlumat verib.
Tədbirdə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, mərhumun dostu, Əməkdar rəssam Rais Rəsulzadə, muzeyin ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova çıxışlarında rəssamın ömür yolu və zəngin yaradıcılığından söhbət açıblar.

Mədəniyyət 2019-05-18 16:46:00