×
A
A
A
Sazlamalar

Tovuzun kəndlərarası yol infrastrukturu müasirləşdirilir

Tovuz, 18 may, Rauf Hacıyev, AZƏRTAC

Tovuz-Böyük Qışlaq-Qaralar və Tovuz–Qovlar-Ağbaşlar avtomobil yollarının əsaslı təmiri bu rayonda yol infrastrukturunun müasirləşməsinə və əhalinin asan gediş-gəlişinə səbəb olmaqla yanaşı, kütləvi turist axınına da şərait yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu ilin ilk rübündə, həmçinin uzunluğu 31,9 kilometr olan Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolunun tikintisi başa çatıb.
Hazırda rayonda yol infrastrukturunun yenilənməsi işləri davam etdirilir. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davam etdirilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyevin “Tovuz rayonunun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala-Qoçdərə-Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 15 fevral tarixli Sərəncamı ilə tikinti işlərinə vəsait ayrılıb. Cari ildə 7 dağ kəndini rayon mərkəzi ilə birləşdirən bu yolun tikintisi də davam etdiriləcək.

Regionlar 2019-05-18 16:29:00