×
A
A
A
Sazlamalar

Avstriyalı məşqçi: Bakıda yarışlarda iştirak etmək mənim üçün bir arzudur

Bakı, 18 may, AZƏRTAC

Bədii gimnastika üzrə Avropa çempionatı yüksək səviyyədə davam edir. Bakıda yarışlarda iştirak etməyi çox arzulayırdım. Ölkəniz çox gözəl, paytaxt Bakı heyranedici şəhərdir. Yarışların keçirildiyi Milli Gimnastika Arenası möhtəşəmliyi ilə insanı valeh edir. Burada idmançılar üçün hər cür şərait yaradılıb. Bir sözlə, Azərbaycanda gördüklərim nağıllardakı kimi gözəldir.
Bunu avstriyalı gimnastika məşqçisi Luçia Egermann AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Komandasının Bakıdan yaxşı nəticələrlə qayıdacağına ümid etdiyini vurğulayan məşqçi bildirib: “Gimnastlarımız artıq bəzi hərəkətlərdə çıxış ediblər. Düşünürəm ki, Bakıdan yaxşı nəticələrlə qayıdacağıq”.
Mayın 19-da yekun vurulacaq çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış edirlər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.
Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

İdman 2019-05-18 16:15:00