×
A
A
A
Sazlamalar

Bakıda “Caspian Power” İdman Festivalı təşkil olunacaq

Bakı, 18 may, AZƏRTAC
Mayın 24-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Caspian Power” İdman Festivalı təşkil olunacaq. Azərbaycan Stronqmen Federasiyasının (ASF) təşkilatçılığı ilə keçiriləcək festivalda idmanın beş növü üzrə yarışlar keçiriləcək.
Bunu Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyev AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Ötən il yarışın iki idman növü üzrə təşkil olunduğunu bildirən B.Quliyev qeyd edib: “Bu il stronqmen, bodibildinq, mas-restlinq, cui-citsu və sumo üzrə yarışlar keçiriləcək. Əslində, festivalın proqramına salınan idman növlərinin sayının çox olması nəzərdə tutulurdu. Belə ki, idmanın bəzi növləri üzrə ölkə çempionatlarının məhz festival çərçivəsində keçirilməsi planlaşdırırdı. Ancaq festivalın bir gün ərzində təşkili nəzərdə tutulduğu üçün bu, alınmadı. Buna baxmayaraq, növbəti illərdə bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Gələn il festival çərçivəsində pauerliftinq və ağır atletika yarışlarının təşkili nəzərdə tutulub. Festivalın vaxtı uzadılarsa, turnir çərçivəsində istənilən irimiqyaslı yarış təşkil oluna bilər”.
ASF-in prezidenti bildirib ki, məqsədimiz bütün idman növləri üzrə yarışların bir idman turniri çərçivəsində keçirməklə idmanın kütləviliyini artırmaqdır. Həmçinin idman ləvazimatları və qidalarının istehsalı və satışı ilə məşğul olan şirkətlər də yarışa dəvət olunub. Belə ki, festival çərçivəsində onlar xüsusi stendlərdə öz məhsullarını nümayiş etdirəcəklər. Yarışın tamaşaçılar tərəfindən maraqla qarşılaşacağını gözləyirik.
“Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq festival zamanı arenada eyni vaxtda idmanın beş növü üzrə yarışlar keçiriləcək. Maraqlısı odur ki, idmançılar eyni səhnədə çıxış edəcəklər. Xarici ölkələrdə bir neçə dəfə bu qəbildən yarışlarda iştirak etmişəm. Ancaq ölkəmizdə ilk dəfədir belə yarış keçiriləcək. Çalışırıq ki, bu festival ölkəmizdə ənənə halını alsın və idman növlərinin sayı artsın”, - deyə B.Quliyev əlavə edib.
Şəhərdə festivalın reklamlarının nümayiş olunduğunu və yarışa girişin sərbəst olacağını bildirən B.Quliyev vurğulayıb ki, festival çərçivəsində keçiriləcək stronqmen yarışları Avrasiya çempionatından ibarət olacaq. Artıq yeddi ölkə yarışda iştirakını təsdiqləyib. Ölkələrin sayının artacağı gözlənilir. Stronqmen yarışlarında ölkəmizi iki idmançı – Vüsal Mərdanov və Namiq Mehdiyev təmsil edəcəklər. Hər iki atletimiz 110 kiloqram çəki dərəcəsində yarışacaqlar. İdmançılarımız perspektivlidir və mükafatçılar sırasında yer almaq gücünə malikdirlər. Festival çərçivəsində müxtəlif nümunəvi yarış və əyləncə proqramları da təqdim ediləcək.
“Caspian Power” İdman Festivalından sonra stronqmen üzrə ölkə kubokunun da təşkil olunacağını qeyd edən ASF-in rəsmisi turnirdə əsasən yüngül çəki dərəcələri üzrə yarışların keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

İdman 2019-05-18 15:40:00