×
A
A
A
Sazlamalar

“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq

Bakı, 18 may, AZƏRTAC 

“DOST” mərkəzlərində göstəriləcək ən önəmli xidmətlərdən bir qismi əlilliyi olan şəxslərlə bağlıdır. Onların reabilitasiya vasitələri, o cümlədən protez-ortopedik məmulatlarla təminatı üçün müraciətləri də bu mərkəzlərdə qəbul olunacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibəsində deyib.
Nazir qeyd edib ki, həmin şəxslərin müxtəlif protezlərin hazırlanması üçün ölçü götürülməsindən ötəri müxtəlif ünvanlara üz tutmasına ehtiyac qalmayacaq. “DOST” mərkəzlərində həkimlər tərəfindən onların ölçüləri götürüləcək və qısa müddətdə hazırlanmaqla elə mərkəzlərdə də təqdim ediləcək. Həmçinin mərkəzlərdə onların digər ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edilməsi işləri aparılacaq. Bu da əlilliyi olan şəxslərə ciddi dəstək olacaq.
Nazir diqqətə çatdırıb ki, hazırda 600 mindən çox əlilliyi olan şəxs var və onların bir çoxu regionlarda yaşayır. Bölgələri də əhatə edəcək “DOST” mərkəzləri şəbəkəsi imkan verəcək ki, həmin şəxslər Bakıya gəlmədən öz regionlarında bu xidmətlərdən rahat şəkildə istifadə edə bilsinlər. Onlar maşın, mənzil növbəsində olduqları halda bu barədə də mərkəzlərdə məlumat ala biləcəklər.
S.Babayev bildirib ki, ilk “DOST” mərkəzinin binası əlilliyi olan şəxslər üçün tam funksionaldır.

Sosial 2019-05-18 14:23:00