×
A
A
A
Sazlamalar

Gənc rəssam Səmayə Ələkbərovanın ilk fərdi sərgisi açılacaq

Bakı, 18 may, AZƏRTAC

Mayın 21-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə İçərişəhərdə yerləşən Dördbucaqlı Qalada (“Art Tower”) istedadlı gənc rəssam Səmayə Ələkbərovanın “Doğulduğum torpaq” adlı ilk fərdi sərgisi açılacaq.
“Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək sərgidə müəllifin uşaqlıqda çəkdiyi natürmort və peyzaj janrlarında olan rəsmləri ilə yanaşı, yaxın keçmişdə təsvir etdiyi “Nar”, “Qız qalası”, “Neft buruqları”, “Xəzərdə gəmilər” və s. adlı Azərbaycanın gözəlliklərinə həsr edilmiş əl işləri daxil olmaqla 15 əsər yer alacaq.
Səmayə Ələkbərova İçərişəhərin ən gözəl guşələrindən birində dünyaya gəlib və uşaqlıqdan rəssamlığın rəngarəng dünyası onu cəlb edib. Gənc rəssam özü də İçərişəhərin ab-havasının ona yaradıcılıq ruhu bəxş etdiyini bildirir. Kiçik yaşlarında dərnəklərdə iştirak edən rəssam tezliklə uğur qazanaraq artıq kətan üzərində yağlı boya ilə heyrətamiz əsərlər yaradıb. Hazırda o, yaradıcılığında daha çox realizmi əks etdirdiyini söyləyir. Səmayənin əsərlərinin mərkəzində füsunkar təbiətinə, zərif milli ornamentlərinə və keşməkeşli tarixinə aşiq olduğu Azərbaycan dayanır.
Müəllif ilk sərgisində doğulduğu torpağın ən gözəl və cəlbedici səhnələrini canlandırıb və buna görə də tədbir “Doğulduğum torpaq” adını qazanıb. Həmçinin sərgidən sonra Səmayənin əl işləri İçərişəhərdə açıq hava altında nümayiş olunacaq.

Mədəniyyət 2019-05-18 12:58:00