×
A
A
A
Sazlamalar

Gömrük Tarixi Muzeyi Beynəlxalq Muzeylər Gününə dair tədbirdə təmsil olunub


Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Gömrük Tarixi Beynəlxalq Muzeylər Günü münasibətilə "Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi" devizi altında Bakıda keçirilən tədbirdə təmsil edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, 2006-cı ildən fəaliyyət göstərən Azərbaycan Gömrük Tarixi Muzeyinin rəngarəng, cəlbedici stendi tədbir iştirakçıları və qonaqların marağına səbəb olub. Ziyarətçilərə qədim geyim formaları, beynəlxalq sərgilər barədə məlumat verilib, kataloq və broşurlar təqdim edilib. Tədbirdə, həmçinin Azərbaycan Gömrük Tarixi Muzeyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Mayın 19-dək davam edəcək tədbir çərçivəsində rəssamlıq və toxuculuq üzrə ustad dərslər veriləcək, interaktiv təhsil proqramları, tamaşalar, pantomima, klassik musiqi əsərlərindən ibarət konsert proqramları təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan Gömrük Tarixi Muzeyi 2013-cü ildən Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin tamhüquqlu üzvüdür.

Mədəniyyət 2019-05-18 12:50:00