×
A
A
A
Sazlamalar

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin IX hesabat-seçki konfransı keçirilib YENİLƏNİB

Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin (ELSA Azərbaycan) IX hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda “ELSA Azərbaycan”ın prezidenti Nigar Axundova təşkilatın bir illik fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, “ELSA Azərbaycan” ilə Vəkillər Kollegiyası arasında beş il müddətinə nəzərdə tutulan memorandum imzalanıb və davamlı əməkdaşlığın təmin edilməsi üçün görüşlər keçirilib. Bundan başqa, Gənclər Fondu və digər təşkilatlarla da əməkdaşlığa dair bir sıra görüşlər təşkil olunub. Hesabat dövründə təşkilata yeni üzvlər cəlb edilib. Bu müddətdə məhkəmə prosesləri, forumlar, gənc hüquqşünaslar üçün təlimlər və s. genişmiqyaslı layihələr həyata keçirilib.
“Kəngərli və partnyorları” Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli çıxış edərək “ELSA Azərbaycan”ın ölkəmizdə fəal təşkilatlardan biri olduğunu vurğulayıb. O, təşkilatın Azərbaycanın xarici ölkələrdə təmsilçilik məsələlərində və gənc hüquqşünasların inkişafında böyük rol oynadığını vurğulayıb. İ.Kəngərli Azərbaycanda vəkillik fəaliyyəti, son dövrdə ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində görülən işlərdən, vəkillik peşəsinə marağın artmasından danışıb.
Sonra namizədlərin platformaları dinlənilib, idarə heyətinin tərkibinə seçkilər keçirilib.

Sosial 2019-05-18 12:23:00