×
A
A
A
Sazlamalar

“Gənc ulduzlar-2019” Xeyriyyə Festivalında ölkəmiz də təmsil olunub

Daşkənd, 18 may, АZƏRTAC

Özbəkistandakı “Mehrcon” Hamilər Şurasının təşkilatçılığı ilə “Türküstan” sarayında hər il ənənəvi olaraq keçirilən “Gənc ulduzlar” Xeyriyyə Festivalında sponsor kimi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də iştirak edib.
AZƏRTAC xəbər verir ki, 53-cü Xeyriyyə Festivalında tədbirə Daşkənddəki uşaq və internat evlərinin 1000-dən çox şagirdi qatılıb.
Azərbaycan Mədəniyyət Mərkəzi tədbirdə iştirakını Azərbaycanın Respublika Gününə həsr edib.
Daşkənd vilayəti üzrə Həmkarlar Təşkilatları Birliyi sədrinin müavini Olimjon Topilov qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin arasından istedadların üzə çıxarılmasının, onların gələcəyə inamının artırılmasının, gələcək fəaliyyətlərinin stimullaşdırılmasının vacib olduğunu qeyd edib, əsl dost dəstəyi göstərən Azərbaycan dövlətinə təşəkkürünü bildirib. O, Özbəkistan dövləti tərəfindən uşaq evlərinin xüsusi qayğı ilə əhatə olunduğunu vurğulayıb.
AMM-in direktoru Samir Abbasov Özbəkistan-Azərbaycan dostluğundan danışıb, müstəqil dövlətlərimizin gələcək nəsillər üçün böyük imkanlar açdığını söyləyib. Uşaq və yeniyetmələrə uğurlar arzulayan S.Abbasov müstəqilliyimizin və dostluğumuzun möhkəmlənməsində onların üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.
Təqdim olunan konsert proqramında Daşkənddəki internat və uşaq evlərinin şagirdləri öz istedadlarını nümayiş etdiriblər.
AMM-in nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər. Çıxışlar uşaqların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, tədbirin sonunda Daşkənddəki 15 uşaq evi və internat məktəbinə Mədəniyyət Mərkəzinin hədiyyələri təqdim olunub.
Bədii hissədən sonra uşaqlara və yeniyetmələrə ziyafət verilib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2019-05-18 11:41:00