×
A
A
A
Sazlamalar

Bişkekdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Qırğızıstanın Bişkek şəhərindəki Manas Universitetində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycanın Qırğızıstandakı səfirliyi, TÜRKSOY təşkilatı, Manas Universiteti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutub.
İlk olaraq Manas Universitetinin foyesində Azərbaycan Milli Kitabxanasının fondunda olan Nəsiminin əsərlərindən ibarət kitab sərgisinin açılışı olub.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Manas Universitetinin professoru Asılbek Kulmurzayev çıxış edərək böyük Azərbaycan şairi İmadəddin Nəsimini türk xalqlarının böyük şairi adlandırıb. Bildirib ki, şair o dövrün önəmli mədəniyyət mərkəzləri olan Azərbaycan, İran, Türkiyə, İraq, Suriya şəhərlərini gəzərək öz idayelarını bu bölgələrdə şeirləri vasitəsilə insanlara çatdırıb.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov İmadəddin Nəsiminin yaradıcılığı haqqında geniş söhbət açaraq, şairin çox mürəkkəb və ziddiyyətli bir inkişaf yolu keçdiyini, Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoyduğunu, şairin XV əsrdən etibarən bütün türk ədəbiyyatına qüvvətli təsir göstərdiyini, əsərlərinin əlyazma şəklində geniş yayılaraq, dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanıldığını söyləyib. Qeyd etdi ki, Milli Kitabxana da öz növbəsində, “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən milli mədəniyyətimizin nümunəsi kimi il ərzində şairin irsinin tədqiqi və təbliği istiqamətində müəyyən işlər həyata keçirir.
Professor Kərim Tahirov bildirib ki, 2017-ci ilin may ayında UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının keçirilməsi, eləcə də 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi və şairin anadan olmasının 650 illik yubileyinin təntənəli şəkildə qeyd olunması böyük söz sahibinin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər.
Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı çıxış edərək TÜRKSOY təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə İmadəddin Nəsimiyə həsr olunmuş tədbirlərin Türkiyənin Ankara və İstanbul şəhərlərində, eləcə də Qırğızıstanın Bişkek şəhərində təntənə ilə qeyd edilməsinin əlamətdar hadisə olduğunu söyləyib. Eyni zamanda, “Nəsimi ili” ərzində belə tədbirlərin digər türk dövlətlərində də keçiriləcəyini qeyd edib.
Sonra Nəsimi haqqında qısa film nümayiş olunub.
Qırğızıstanın TÜRKSOY-dakı daimi nümayəndəsi Kojageldi Kuluyev çıxış edərək dahi sənətkar Nəsiminin irsinin geniş araşdırılaraq tədqiq olunmasını və əsərlərinin türk xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmasını qeyd edib.
AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Nəsiminin yaradıcılığından söhbət açaraq qeyd edib ki, klassik ədəbiyyatımızın başqa böyük nümayəndələri kimi, İmadəddin Nəsiminin də bəxti bu barədə məhz ona görə gətirib ki, tarix Azərbaycana Heydər Əliyev kimi qədirşünas bir dühanı bəxş eləyib və bu dahi şəxsiyyət özü kimi dahiləri tarixin sükut buzundan qopararaq öz millətinə və təkcə öz millətinə deyil, həm də bütün bəşəriyyətə xidmətə, insanlığın mədəni səviyyəsinin yüksəldilməsinə, insanlarda insani sifətlərin tərbiyəsinə cəlb edə bilib.
Akademik qeyd edib ki, klassik Azərbaycan ədəbiyyatına, xüsusən onun ən böyük və fəxri nümayəndələrindən biri olan Nəsiminin həyat və yaradıcılığının öyrənilməsinə və təbliğinə bu cür sevgi, sayğı və qayğı Heydər Əliyev məktəbinin ən böyük yetirməsi olan, Heydər Əliyevin istər daxili, istərsə də xarici siyasət kursunun davamçısı və inkişaf etdirən, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də yüksək səviyyədə həyata keçirilməkdədir.
Teymur Kərimli çıxışında Nəsiminin yaradıcılığında insanın fövqəlbəşəri varlıq olmasının tərənnümünün, mənəvi azadlığın, bəşəri dəyərlərin, insana sevginin və azadlığın geniş yer tutduğunu deyib. Ədibin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan danışan akademik Nəsiminin əsərlərində olan humanizm, azadlıq ideyalarının tərənnüm olunduğunu bildirib. Nəsimi inanırdı ki, insanın simasında ərəb əlifbasının hərfləri öz əksini tapıb, insan müqəddəsdir, insan dünyaya xoşbəxt olmaq üçün gəlir. Bizim ana dilində yazan ilk sənətkarlardan olan Nəsiminin əsərlərinin təsiri altında Füzuli və Xətai kimi böyük şairlərimiz yetişmişdir.
Səfir çıxışında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Nəsiminin anadan olmasının 600 illiyinin UNESCO-nun tədbirlər siyahısına daxil edildiyini və 1973-cü ildə beynəlxalq səviyyədə dünya miqyasında geniş qeyd olunduğunu bildirib. Görkəmli mütəfəkkirin adının əbədiləşdirilməsi məqsədilə Bakı rayonlarından birinə, eyni zamanda, AMEA-nın Dilçilik İnstitutuna Nəsiminin adının verildiyini, şəhərin mərkəzində heykəlinin ucaldıldığını, Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazının yaradıldığını qeyd edib.
Manas Universitetinin dekanı, professor Layli Ukubayeva, Qırğız ədəbiyyatşünası dosent Karlıqaç Cumakatirova, türk yazıçı-araşdırmaçı Kenan Çarboğa, qazax şairi Sayat Kamşiger, başqırd şairi Tamara Yuldaşevahəyat və başqaları Nəsimi yaradıcılığı haqqında geniş söhbət açıblar və onu türk xalqlarının böyük şairi adlandırıblar.
Sonda incəsənət xadimlərinin ifasında Nəsiminin şeirləri və sözlərinə yazılmış mahnılar səslənib.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə və onun hüdudlarından kənarda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə yüksək səviyyəli tədbirlərin keçirildiyini söyləyib.

Mədəniyyət 2019-05-18 11:11:00