×
A
A
A
Sazlamalar

Ordubad rayonunun Vənənd kəndində kompleks quruculuq işlərinə başlanılıb

Ordubad, 18 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları tərəfindən bu ilin əvvəlindən Vənənd kəndində kompleks quruculuq işlərinə başlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, inşaatçılar ilk olaraq kənd tam orta məktəbinin binasının yenidən qurulması işlərinə başlayıblar. Hazırda istilik sistemi və fasad üzərinə mərmər plitələr çəkilməsi işləri həyata keçirilir.
Məktəb ərazisinin bir tərəfində Vənənd Kənd Uşaq Musiqi Məktəbi üçün bina inşa edilir. Üç mərtəbədən ibarət olacaq bu obyektdə inşaatçılar qısa zamanda zirzəminin dəmir-beton işlərini yerinə yetiriblər.
Yaşayış məntəqəsində inşa olunan digər tikili isə kənd mərkəzinin binasıdır. Hazırda ikinci mərtəbənin hörgü işləri aparılan bina istifadəyə verildikdən sonra burada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının kənd ilk ərazi təşkilatı, poçt, mədəniyyət evi, kitabxana, rabitə evi, baytarlıq və polis məntəqələri üçün də hər cür şərait yaradılacaq.
Vənənd kəndində inşa edilən həkim ambulatoriyasında tikinti işləri tamamlanmaq üzrədir.
Əhaliyə nümunəvi ticarət və məişət xidməti göstərilməsi üçün də bu yaşayış məntəqəsində müasirtipli xidmət mərkəzi inşa olunacaq.

Regionlar 2019-05-18 11:17:00