×
A
A
A
Sazlamalar

Lerikdə keçirilən humanitar aksiyada 131 nəfər könüllü qan verib

Lerik, 18 may, Bağır Əliyev, AZƏRTAC

Lerik Rayon Mərkəzi Xəstəxanasında "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri humanitar aksiyaya qoşulublar.
Aksiyada, ümumilikdə, 700 nəfər rayon sakini iştirak edib. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.
Tibbi personalın yoxlamasından sonra sağlam olan 131 könüllüdən qan götürülüb.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Regionlar 2019-05-18 11:01:00