×
A
A
A
Sazlamalar

AFFA-nın baş katibi Almaniyanın “Sport1” portalında Yurgen Kloppa cavab verib

Berlin, 17 may, AZƏRTAC

Almaniyanın nüfuzlu “Sport1” portalında UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalə dərc edilib.
Məqalədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədovun “Liverpul” klubunun almaniyalı baş məşqçisi Yurgen Kloppun UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə bağlı tənqidi fikirlərinə cavab verdiyi bildirilib. Elxan Məmmədovun Yurgen Kloppa cavab olaraq dediyi “Onun sözləri məni mənfi mənada təəccübləndirdi. O, hər zaman çox pozitiv insan təəssüratı bağışlayıb. Mən onun futbolun coğrafi cəhətdən məhdudlaşdırılmasına dair fikirləri ilə razı deyiləm” sözləri sitat gətirilib.
AFFA baş katibinin qitənin mötəbər klub turnirlərinin final qarşılaşmalarının Şərqi Avropa ölkələrində keçirilməsinin “Futbolun gənc nəsil arasında daha da populyarlaşmasına” töhfə verdiyini bildirməsi yazıda xüsusi vurğulanıb. Məqalənin sonunda Elxan Məmmədovun Bakıda keçiriləcək final matçının əsl “futbol bayramı” olacağına əminliyi qeyd edilib.
Məqalənin tam mətnini aşağıdakı link vasitəsilə oxumaq mümkündür: (https://www.sport1.de/fussball/europa-league/2019/05/juergen-klopp-mit-kritik-an-el-finale-aserbaidschanischer-verband-reagiert).

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

İdman 2019-05-17 18:07:00