×
A
A
A
Sazlamalar

Professor Əlövsət Quliyev: Sahibkarlar gübrə istehsalına sərmayə yatırsa, həm dövlətimiz qazanar, həm də özləri

Bakı, 17 may, AZƏRTAC
Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu sektorda kənd təsərrüfatı prioritet sahələrdən biri hesab edilir. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı sayəsində ölkədə həm ərzaq təhlükəsizliyi, həm də iqtisadiyyatın daha sürətli inkişafı təmin edilir. Kənd təsərrüfatına göstərilən dövlət qayğısı, yeni texnologiyaların tətbiqi, bərəkətli torpaqlar bu sahənin inkişafına, ixracyönümlü məhsul istehsalına imkan verir. Kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün gübrələrin tətbiqi önəmli məsələlərdən biridir. Hazırda gübrələrin əksəriyyəti ölkəmizə idxal olunsa da, respublikamızda gübrə istehsalına xüsusi fikir verilməkdədir. Sumqayıt şəhərində istifadəyə verilmiş mineral gübrə zavodu buna əyani sübutdur. Deməli, ölkəmizdə gübrə istehsalı nə qədər sürətlə həyata keçirilərsə, idxaldan asılılıq aradan qaldırılar, daha keyfiyyətli məhsul istehsalına nail olunar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, professor Əlövsət Quliyev deyib.
Alim bildirib ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu ayrı-ayrı bitkilərdə üzvi gübrələrin təsirinin öyrənilməsi üçün təcrübələr aparıb. Müəyyən edilib ki, respublikanın mövcud torpaq iqlim şəraiti daxilində əkin sahəsinin hər hektarına azı 10-12 ton üzvi gübrə verilməklə ekoloji təmiz məhsul almaq olur. Bununla torpaq strukturu bərpa olunur, humus balansı sabitləşir, torpaq faydalı mikrocanlılarla zənginləşir, onların su-fiziki xassələri, quruluşu yaxşılaşır, torpaqda gilləşmənin, bir sözlə torpaqların deqradasiyaya uğramasının, ekologiyasının pozulmasının qarşısı alınır. Üzvi gübrələrin bir xüsusiyyəti də odur ki, onun təsiri 4-5 il davam edir. Onun təsiri 1-ci il minimum, 2 və 3-cü illər maksimum, 5-6-cı illər isə getdikcə aşağı düşür. Tədqiqatlar göstərir ki, respublikamızda üzvi gübrə istehsalı üçün kifayət qədər xammal ehtiyatı var. Belə ki, hər il atılan 1 milyon 400 min ton məişət tullantılarından, 720 min ton kənd təsərrüfatı bitkilərindən sahədə qalan kövşən, gövdə, kök qalıqlarından, 180 min ton yaşıllaşdırma zonaları və meşə ağaclarından tökülən yarpaq, çiçək, budanmış qalıqlardan, meyvə və tərəvəzin sənaye emalından hasil olan tullantılardan, 500 min ton göl və çayların təmizlənməsindən hasil olan lil və sapropillərdən, 1 milyon 200 min ton şəhər kanalizasiyasının quru qalığından, 44 min ton mineral və müalicə sularının çöküntülərindən, 50 min ton yod, bor, sulfat turşusu istehsalı zavodlarının tullantılarından, 217 min ton üzüm və çay bitkiləri sahələrində quru və yaş budanmalardan toplanan qalıqlardan, 50 min ton ağac emalı müəssisələrinin tullantılarından, həmçinin köməkçi və şəxsi təsərrüfatlarda saxlanılan mal-qaradan hasil olan 12 milyon ton peyindən üzvi gübrə istehsal etmək olar.
Bunları mineral gübrə istehsalı sənayesinin buraxdığı standart formada olan mineral gübrəyə çevirsək, onda 21 milyon ton üzvi gübrə ehtiyatı (peyin və tullantılarla birlikdə) 1 milyon 800 min ton standart şəkildə mineral gübrəyə bərabər olur. Onu da satış qiyməti ilə dəyərləndirsək, indiki qiymətlərlə 180 milyon manat edir. Halbuki respublikamızın hər il gübrə istehsal edən zavodlardan aldığı azotlu, fosforlu və kaliumlu gübrələrin miqdarı çox cüzi miqdardadır.
Əlövsət Quliyevin deyib: “Respublikada torpaqların münbitliyinin bərpa olunması, ixracyönümlü keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə son illər AMEA-da kompleks tədqiqatlar aparılıb. Qabaqcıl texnologiyalarla üzvi qalıqlardan və məişət tullantılarından üzvi və mineral gübrələrin istehsalı, əkinçilikdə istifadəsi istiqamətində aparılan tədqiqatlar uğurla nəticələnib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, yeni texnologiyalar əsasında istehsal edilən, yüksək effektivliyə malik gübrələrin geniş sənaye istehsalının təşkili mümkündür. Bu, kənd təsərrüfatının inkişafında çox önəmli məsələlərdən biridir. Belə ki, biz nəinki öz daxili tələbatımızı ödəyər, hətta gübrə ixracına da nail ola bilər, eyni zamanda, xarici ölkələrə ixrac etdiyimiz ekoloji təmiz kənd təsərrüfatı məhsullarının həcmini artıra bilərik. Kənd Təsərrüfatı Nazirliyi sistemində aparılan islahatlar, müasir düşüncəli, savadlı gənc kadrların irəli çəkilməsi onu deməyə əsas verir ki, yaxın gələcəkdə bu istiqamətdə də ciddi tədbirlər həyata keçiriləcək. Ümumiyyətlə, ölkə başçısının kənd təsərrüfatının inkişafı istiqamətində gördüyü işlər, sahibkarlara, fermerlərə göstərdiyi qayğı yeni-yeni nailiyyətlərin qazanılacağından soraq verir. Bu günlərdə Bakı Ekspo Mərkəzində keçirilən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ölkəmizdə bu sahədə nə qədər böyük işlərin görüldüyünü bir daha nümayiş etdirdi. Əminik ki, növbəti belə sərgilərdə Azərbaycan istehsalı olan keyfiyyətli və müxtəlif çeşidli gübrə məhsulları da nümayiş olunacaq”.

Elm və təhsil 2019-05-17 17:21:00