×
A
A
A
Sazlamalar

Bakı Ali Neft Məktəbi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi anlaşma memorandumu imzalayıb

Bakı, 17 may, AZƏRTAC

Bakı Ali Neft Məktəbi (BANM) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimində BANM-in və Agentliyin rəhbərliyi, ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Bakı Ali Neft Məktəbindən AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Elmar Qasımov anlaşma memorandumunun ali təhsil müəssisəsi və özəl sektor arasında əməkdaşlığın daha bir nümunəsi olduğunu və istər tələbələrin, istərsə də BANM-də çalışan akademik heyətin innovativ ideyalarının Agentlik tərəfindən dəstəklənməsinə şərait yaradacağını qeyd edib.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov Agentlik və BANM arasında anlaşma memorandumunun imzalanmasından məmnunluğunu bildirib. O, BANM tələbələrinin startap layihəsi ilə tanış olduğunu, gələcəkdə onların orta və kiçik sahibkarlıq vərdişlərinin daha da inkişaf etdirilməsi istiqamətində işlər görüləcəyini və Agentliyin peşəkar mütəxəssislərinin tələbələrə ustad dərsləri keçirəcəyini qeyd edib.
Bu anlaşma memorandumu bir sıra çoxsaylı istiqamətlərlə yanaşı, tələbələr arasında biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərin dəstəklənməsinə və ixtiraçıların fəallığının artırılmasına dəstək olacaq. Eyni zamanda, BANM-in nəzdində fəaliyyət göstərən elmi araşdırma mərkəzləri ilə sahibkarlığın inkişafı üçün tələb olunan statistika və təhlillərin aparılması istiqamətində BANM və Agentlik arasında əməkdaşlığın qurulmasına, həmçinin müvafiq istiqamətlərdə müştərək layihələrin icrasına töhfə verəcək.
BANM tələbələrin praktika, startap, innovasiya, ixtira və digər bu kimi fəaliyyət və təşəbbüslərini dəstəkləmək məqsədilə özəl sektorla yaxından əməkdaşlıq edir. Bu əməkdaşlıq sırasında ölkədə fəaliyyət göstərən həm transmilli şirkətlər, həm də digər müvafiq yerli qurumlar yer alır.

Elm və təhsil 2019-05-17 17:13:00