×
A
A
A
Sazlamalar

Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin cari vəziyyətinə dair fikir mübadiləsi aparılıb

Bakı, 17 may, AZƏRTAC 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Filip Etiyen ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Əməkdaşlığın inkişafından məmnunluqlarını bildirən tərəflər əlaqələrin daha da inkişafında qarşılıqlı yüksəksəviyyəli səfər mübadiləsinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıblar.
Nazir Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqların cari vəziyyəti haqqında qarşı tərəfə məlumat verib. Münaqişənin tezliklə həllinin, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının bölgədə davamlı sülh və inkişafın təmin olunması baxımından əhəmiyyəti vurğulanıb.
Görüş zamanı tərəflər beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Siyasət 2019-05-17 13:39:00