×
A
A
A
Sazlamalar

Azərbaycan Sənaye Korporasiyası Belarusun "Belqospişeprom" konserni ilə əməkdaşlıq edəcək

Bakı, 17 may, AZƏRTAC
Yerli və beynəlxalq istehsalçılar, distribüterlər və ixracatçıların unikal görüş yerinə çevrilən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - "WorldFood Azerbaijan" və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - "Caspian Agro" sərgisi çərçivəsində "Azərbaycan Sənaye Korporasiyası" ASC ilə Belarus Respublikasının "Belqospişeprom" konserni arasında qarşılıqlı əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.
Korporasiyadan AZƏRTAC-a bildirilib ki, protokolu Belarus tərəfindən konsernin sədri Aleksandr Zabello, Azərbaycan tərəfindən Korporasiyanın baş direktoru Kamran Nəbizadə imzalayıb. Niyyət protokolu məhz iki ölkə arasında birgə tərəfdaşlıq baxımından əhəmiyyətlidir. Birgə əməkdaşlıq niyyəti daşıyan bu sənədin məqsədi "Azərtütün Aqrar Sənaye Kompleksi " MMC ilə "Belqospişeprom" konserninin nəzdində fəaliyyət göstərən "Qrodnenskaya tabaçnaya fabrika "Neman" ASC arasında tütün məhsullarının ixracı üzrə müqavilənin imzalanması, bu ilin iyun-iyul aylarında qarşılıqlı səfərlərin təşkili, məhsul istehsalı sahəsində müəssisələr arasında təcrübə mübadiləsi, "Qrodnenskaya tabaçnaya fabrika "Neman" ASC-də tütün məmulatlarının istehsal prosesi ilə tanışlıq və birgə istehsal layihələrinin həyata keçirilməsi istiqamətində imkanların araşdırılması barəsində razılığın əldə olunmasıdır.
Sərgi "Azərbaycan Sənaye Korporasiyası" ASC üçün də istər yerli, istərsə də ölkələr arasında yeni biznes və iqtisadi-ticarət əlaqələrinin inkişafına start vermək baxımından əhəmiyyət daşıyır. Korporasiya sərgidə "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərtütün Aqrar Sənaye Kompleksi " MMC, "Azəripək" MMC, "ASK Heyvandarlıq" MMC və "ASK Şəki Şərab" zavodu ilə təmsil olunurdu. Bu müəssisələr ölkənin aqrar sahəsində xüsusi çəkiyə malik olmaqla, müvafiq istiqamətlər üzrə məhsul istehsalını həyata keçirir. Onların fəaliyyətləri 20-dən çox rayonu əhatə edir və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində minlərlə fermerə dəstək göstərirlər.

Sənaye 2019-05-17 12:49:00