×
A
A
A
Sazlamalar

Milli Məclisin növbəti plenar iclası keçirilib YENİLƏNİB

Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Milli Məclisin növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Bildirilib ki, iclasın gündəliyinə 18 məsələ daxildir.
Əvvəlcə “Standartlaşdırma haqqında” qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub. Deputatlar Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsini də üçüncü oxunuşda təsdiqləyiblər.
İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, qanun layihəsi Mülki Məcəlləyə və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1445-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq təsdiq olunub.
Ziyad Səmədzadə “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərək bildirib ki, qanun layihəsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1447-VQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb. Dəyişikliyin məzmunu ondan ibarətdir ki, kommersiya hüquqi şəxslərinin qeydiyyatını bir pəncərə sistemi əsasında həyata keçirən Vergilər Nazirliyi sorğu verərkən mobil telefon operatorları məhdud məsuliyyətli cəmiyyətin və onun təsisçilərinin təqdim etdikləri mobil nömrələrin həmin şəxslərə məxsusluğu barədə məlumatı verməkdən imtina etməsinlər və bu məlumatı vermək operatorların vəzifələri sırasına daxil edilsin. Bu proses onlayn həyata keçirilir və məqsəd gələcəkdə yaranacaq vergi və digər öhdəliklərlə bağlı məlumatların həmin qurumlara operativ çatdırılmasını təmin etməkdir. Sonra təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Yeyinti məhsulları haqqında” və “Baytarlıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, qanun layihəsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 31 may tarixli 1166-VQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Qeyd olunan Qanunla “Yeyinti məhsulları haqqında” Qanuna təklif olunan 7.5-ci maddədə və “Baytarlıq haqqında” Qanuna təklif olunan 39.3-cü maddədə nəzərdə tutulan hərəkətlərə və fəaliyyətlərə görə dövlət rüsumu məbləğləri müəyyən edilib. Qanun layihəsi səsvermə yolu ilə qəbul olunub.
Komitə sədri Eldar İbrahimov “Toxumçuluq haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Torpaq icarəsi haqqında” və “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Qeyd edib ki, qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun və “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1036-IVQD nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Müzakirələrdən sonra qanun layihəsi təsdiqlənib.
Sonra Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Komitə sədri Əli Hüseynli deyib ki, sənədə uyğunlaşdırma məqsədilə bir sıra texniki düzəlişlər təklif edilir. Belə ki, Mülki Məcəllənin 965.2 və 965.3-cü maddələrində “Hesabdakı” və “Bir” sözləri “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı (bir)” ifadəsi ilə əvəz olunur. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
“Yol hərəkəti haqqında” və “Notariat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri Əli Hüseynli deyib ki, qanunların müvafiq maddələrində “hüquqi şəxslər” sözlərindən sonra (“dövlət qurumları”) sözləri əlavə edilir, “xəta haqqında elektron protokol tərtib olunur” ifadəsi “tənbeh vermə haqqında elektron qərar çıxarılır” sözləri ilə əvəz olunur. Qanun layihəsi müzakirə olunaraq təsdiq edilib.
Plenar iclasda, həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Dəyişiklik “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1382-VQD nömrəli Qanununun icrası ilə əlaqədar təklif edilir. Həmin Qanuna əsasən “Feldyeger rabitəsi haqqında qanunvericiliyin pozulması”na görə məsuliyyət müəyyən edən yeni norma Məcəlləyə əlavə edilib. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1382-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərin hazırlanması nəzərdə tutulub. “Feldyeger rabitəsi haqqında qanunvericiliyin pozulması”na görə Məcəllənin 550.2-550.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarın prokuror tərəfindən qəbul edilməsi təklif olunur.
Komitə sədri Ziyad Səmədzadə “Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirib ki, təklif olunan dəyişiklik “Büdcə sistemi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli qanununa uyğunlaşdırma məqsədi daşıyır. Qeyd olunan Qanuna əsasən dövlət büdcəsi zərfinə daxil olan sənədlərin və məlumatların dairəsinin genişləndirilməsi nəzərdə tutulur ki, bu məlumatların biri də Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar barədə məlumatlardır. Bu isə, azadolma və güzəştlərin həcmi, effektivliyi, onun məbləği barədə qiymətləndirmələrə imkan verəcək. Eyni zamanda, 8.0.13-cü maddənin ləğvi nəzərdə tutulur ki, nəticədə Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tətbiq etmək hüququ aradan qaldırılır. Sənəd səsə qoyularaq təsdiq edilib.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edən komitə sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsi “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlara uyğunlaşdırma məqsədi daşıyır. Həmin qanunlarla dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq yaradılan məqsədli büdcə fondunun adı “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu” kimi müəyyən olunub. Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.
İclasda birinci oxunuşda “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunub. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiq olunub.
Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təqdim edən əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsi barədə məlumat verib. Bildirib ki, dəyişikliklər əməyin mühafizəsi ilə bağlı aparılan islahatlar çərçivəsində əməyin mühafizəsinə yönələn maliyyə vəsaitlərinin mənbələrinin dəqiqləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında 221-ci maddənin təkmilləşdirilməsi məqsədi daşıyır. Sənəd səsə qoyularaq qəbul olunub.
Deputatlar, həmçinin “Yol hərəkəti haqqında”, “Milli arxiv fondu haqqında”, “Avtomobil yolları haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini də birinci oxunuşda təsdiqləyiblər.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Bildirilib ki, qanun layihəsi “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1379-VQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Belə ki, həmin Qanunla “Aviasiya haqqında” Qanununa “43-1. Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların alınması” maddəsi əlavə edilib. Həmin maddənin tələbinə görə aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə daşıyıcılar Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların siyahısını biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək elektron formada müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Təqdim olunan Qanun layihəsində həmin tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub. Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.
İclasda “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunaraq qəbul edilib.
“Texniki tənzimləmə haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edən komitə sədri Ziyad Səmədzadə deyib ki, qanun layihəsi 4 fəsil, 18 maddədən ibarətdir. Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 1-ci və 24-cü bəndlərinə uyğun olaraq, mallar (işlər, xidmətlər), onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləmənin məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edir. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq təsdiqlənib.
Bununla da Milli Məclisin növbəti plenar iclası sona çatıb.

Siyasət 2019-05-17 15:17:00