×
A
A
A
Sazlamalar

Bakı-Şamaxı-Yevlax magistralının 16 kilometrlik hissəsi genişləndirilir VİDEO

Bakı, 17 may, AZƏRTAC
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik (16 kilometr) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq, 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə "Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq agentliyin sifarişi ilə həyata keçirilir. Yenidənqurma işlərinin 2020-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Layihəyə uyğun olaraq, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 kilometrlik hissəsi 4 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 27,5 metr, yolun hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının eni 3,75 metr, ayrıcı zolağın eni 5 metr, çiyinlərin eni isə 3,75 metr təşkil edəcək.
Həmçinin işçi cizgilərin hazırlanması, bitki qatının çıxarılması, torpaq yatağının tikintisi, torpaq yatağının üst layının hamarlanması işləri yerinə yetirilir. Digər hissələrdə layihəyə uyğun torpaq işləri və yatağın tikintisi işləri aparılır. Yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7,5 metrdən 15 metrədək genişləndirilib.
Magistralın bu hissəsində iki yeni avtomobil körpüsünün tikintisi işləri də aparılıb. Körpülər yolun 107-ci kilometrdə Acıdərə çayı və 114,5-ci kilometrdə Pirsaatçay üzərində salınıb. Acıdərə çayı üzərində tikilən körpü 3 aşırımlı olmaqla 62,2 metr, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107,2 metr uzunluğundadır.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-107-ci və 108-109-cu kilometrlik hissəsində bir neçə sürüşmə nöqtəsi mövcud olduğu üçün sözügedən ərazilərdə sürüşmənin qarşısını almaq məqsədilə bu ərazidə yamacların kəsilməsi, yamacın dib hissələrinin xüsusi qrunt ilə doldurulması, dəmir-beton svayların vurulur, monolit dəmir-beton istinad divarlarının tikintisi və səth sularının yol yatağına daxil olmasının qarşısını almaq məqsədilə drenaj kanalların inşa edilməsi işləri yerinə yetirilib.
Bundan başqa, layihə çərçivəsində 719 poqonmetr uzunluğunda 17 dairəvi borunun, 42 metr uzunluğunda 2 düzbucaqlı borunun, yolboyu zəruri olan ərazilərdə ümumi uzunluğu 177 metr olan 3 alt keçidin inşası da aparılır. 27,5 metr enində olan torpaq yatağının inşası işlərindən sonra, yol əsasının inşası işlərinə başlanılıb. Yol əsası 48 santimetr qalınlıqda 2 laydan ibarətdir. Yol əsası hazır olan hissələrdə yolun hərəkət hissəsinə və bərkidici zolağa 29 santimetr qalınlıqda 3 laydan ibarət asfalt-beton örtüyün döşənməsi işlərinə də həyata keçirilir. Beləliklə ümumilikdə yol geyimi 95 santimetr hündürlükdə olacaq.

Tikinti̇ 2019-05-17 11:16:00

Video