×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

1 may 2019-cu il                  Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin nümayəndələri Salyan Rayon Məhkəməsinin hakimi Muradağa Qasımovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin böyük məsləhətçisi Fərid Hacıyevin, ekspert Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlının, mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Salyan Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Salyan Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək vəfat etməmişdən öncə nikahını pozmaq barədə məhkəmədə iradə ifadəsini bildirmiş şəxsin (miras qoyanın) arvadının (ərinin) vərəsəlik hüququndan məhrum edilmiş şəxslər sırasına aid olub-olmamasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan – sonra Mülki Məcəllə) 1164-cü maddəsinin tələbləri baxımından şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, B.Bağırova qayınatası A.Bağırova qarşı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək miras əmlakın qəbul edilməsi faktının və vərəsələr arasında miras əmlakdan payların müəyyən edilməsini xahiş etmişdir.
A.Bağırov isə vəsatət verərək iddiaçının həmin tələbi irəli sürmək üçün subyektiv hüququnun mövcud olmadığını göstərmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, A.Bağırovun oğlu Q.Bağırov ölməmişdən əvvəl B.Bağırovaya qarşı nikahın pozulması tələbinə dair Salyan Rayon Məhkəməsində iddia qaldırmış və həmin Məhkəmənin 8 iyun 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh B.Bağırovanın apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2016-cı il tarixli qərarı ilə iddiaçı Q.Bağırov öldüyü üçün iş üzrə icraata xitam verilmişdir.
Salyan Rayon Məhkəməsi müraciətini onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin tələbinə əsasən, ər-arvadın bir-birinin vərəsəsi olması üçün onların birgə nikahda olmaları mütləqdir. Əgər ər-arvaddan hər hansı biri nikahını pozarsa, o, ölümündən sonra digər tərəfi vərəsəsi olmaq hüququndan məhrum etmiş olur. Mülki Məcəllənin 1163-cü maddəsinə əsasən, nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə sayıla bilməzlər. Həmçinin Mülki Məcəllənin 1164-cü maddəsinə görə, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.
Müraciətedən işə baxarkən sağlığında nikahını pozmaq barədə məhkəmədə iradə ifadəsini bildirmiş şəxsin (miras qoyanın) arvadının (ərinin) ölümündən sonra onun vərəsəsi olması və yaxud vərəsəlik hüququndan məhrum edilmiş şəxslər sırasına aid edilməsi məsələsinə aydınlıq gətirilməsinə zərurət yarandığı qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.
Vərəsəlik hüququnun reallaşdırılması zamanı mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçir.
Vəsiyyət edənin (mülkiyyətçinin) ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin III hissəsində təsbit edilmiş mülkiyyət hüququndan irəli gəlir və bu, vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Lakin miras qoyanın vəsiyyət etmək azadlığı qanunvericinin cəmiyyətin əsas özəyini təşkil edən ailənin qorunması və ailə münasibətlərinin cəmiyyətdə möhkəmlənməsinin təmin edilməsi məqsədi ilə vəhdətdə nəzərdən keçirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, vərəsəlik institutu müəyyən dərəcədə həm ailə, həm də əmlak hüquq normaları qrupunun spesifik xüsusiyyətlərini özündə əks etdirir. Vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 13 dekabr tarixli Qərar).
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müraciətdə qaldırılan məsələ vərəsəlik və ailə hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı olduğundan mülki və ailə qanunvericiliyinin ər-arvadın hüquqi statusu və onların vərəsəlik hüquqları, bununla bağlı yaranan mübahisələrin məhkəmədə baxılması qaydalarını tənzimləyən müvafiq normaları əlaqəli şəkildə təhlil edilməlidir.
Vərəsəlik hüququnun əsasları və tərkibi, vərəsəlik münasibətləri, bu hüququn həyata keçirilməsi qaydaları və digər məsələlər mülki qanunvericiliklə tənzimlənir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddənin mənasına görə, vərəsəlik münasibətlərinin yaranma əsası kimi mirasqoyanın vəsiyyəti daha üstün qüvvəyə malik olduğundan qanun üzrə vərəsəlik məhz belə bir vəsiyyətnamə olmadığı təqdirdə qüvvədə olur.
Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə uyğun olaraq, birinci növbə vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir.
Qeyd edilməlidir ki, birinci növbə vərəsələrə aid edilən ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlilik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərarı).
Mülki Məcəllənin yuxarıda qeyd edilən 1159-cu maddəsindən göründüyü kimi, ər (arvad) birinci növbə üzrə vərəsələr sırasına daxildir. Bununla bağlı qeyd olunmalıdır ki, yalnız miras qoyanla qanuni nikahda olan şəxs, yəni ər-arvad vərəsə ola bilər. Ər-arvad dedikdə, dövlətin tələb etdiyi qayda üzrə nikaha daxil olmuş şəxslər başa düşülür. Belə ki, ancaq qanuni nikah tərəflər üçün hüquq və vəzifələr, o cümlədən vərəsəlik hüququ yaradır.
Nikahın bağlanması, nikaha xitam verilməsi, onun etibarsız sayılması qaydaları və şərtləri, eləcə də ailə münasibətinin iştirakçılarının hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir.
Həmin Məcəllənin 1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.
Ailə hüquq münasibətlərini yaradan önəmli hüquqi fakt olan nikah kişi ilə qadının qanunla nəzərdə tutulan qaydada ailə qurmaq üçün bağladığı azad və könüllü ittifaqıdır. Nikahın bağlanması faktı ilə ər və arvadın şəxsi və əmlak xarakterli subyektiv hüquqları və vəzifələri yaranır.
Ər-arvadın qanunla nəzərdə tutulmuş qaydada bağlanmış nikahdan əmələ gələn münasibətlərinə müəyyən hüquqi faktlar əsasında son qoyulması nikahın xitamına səbəb olur. Nikaha xitam verilməklə ər-arvadın hüquqi statusu ləğv edilərək onun dövlət qeydiyyatına alındığı andan tərəflər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak hüquq və vəzifələrinə son qoyulur.
Nikaha xitam verilməsi əsasları Ailə Məcəlləsinin 14-cü maddəsində təsbit edilmişdir. Həmin maddəyə görə, ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.
Qanunverici Ailə Məcəlləsində nikaha xitam verilməsinin qaydalarını müəyyən edərkən nikahın könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, həmçinin nikahın pozulmasının azadlığı, ər- arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması prinsipləri, habelə uşaqların hüquqlarının müdafiəsi baxımından çıxış etmişdir.
Qanunvericilikdə nikaha xitam verilməsinin 2 qaydası müəyyən edilmişdir:
- müvafiq icra hakimiyyəti orqanında;
- məhkəmə qaydasında.
Ailə Məcəlləsinin nikahın məhkəmə qaydasında pozulmasını tənzimləyən 19.1-ci maddəsinə görə, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
Ailə Məcəlləsinin 23.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozulduqda bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Nikahın pozulması haqda məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi dedikdə, məhkəmənin işi mahiyyəti üzrə həll edərək qəbul etdiyi qərarın mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada (müddətlər çərçivəsində) hüquqi qüvvə əldə etməsi nəzərdə tutulur.
Mülki Məcəllənin boşanmış ər-arvadın vərəsəlik zamanı vəziyyətini müəyyən edən 1163-cü maddəsinin məzmununa uyğun olaraq, nikahı pozulmuş arvad (ər) miras qoyan ərin (arvadın) qanun üzrə vərəsəsi olmaq hüququndan məhrum olur. Belə ki, həmin maddəyə görə, nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Göründüyü kimi, əgər ər (arvad) miras qoyanın öldüyü anda nikahı qanunvericiliklə nəzərdə tutulmuş qaydada ləğv etmiş olarsa, bu zaman o, qanun üzrə vərəsə olmaq hüququnu itirir.
Ərin (arvadın) nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etməsindən sonra ölməsi ilə əlaqədar qeyd edilməlidir ki, tərəflərdən birinin şəxsi iştirakı olmadan icranın mümkünsüz olduğu, eləcə də şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətlərində prosessual hüquq varisliyinə yol verilmir. Bu cür hallarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə uyğun olaraq, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən hakim iş üzrə icraata xitam verir. İş üzrə icraata xitam verilməsi isə işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılması üsullarından biridir.
Beləliklə, məhkəmədə nikahın pozulmasına dair iddia qaldırmış şəxsin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən ölməsi iş üzrə icraata xitam verilməsinə səbəb olur, bu isə nikahın pozulması haqda məhkəmə qərarının qanuni qüvvəyə minməməsi və tərəflərin ər-arvad statusunun ləğv edilməməsi, eləcə də onların bu statusdan irəli gələn hüquq və vəzifələrinin davam etməsi ilə nəticələnir.
Göründüyü kimi, nikaha xitam verilməsi üçün iş üzrə yekun məhkəmə qərarının qanuni qüvvəyə minməsi zəruri olduğundan, nikahın pozulması barədə məhkəmədə iddianın qaldırılması ər-arvadın bir-birini vərəsəlik hüququndan məhrum etməsi üçün kifayət deyildir. Belə ki, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək iddiaçı iddiadan imtina edə bilər, tərəflər barışa bilər və s. hallar baş verə bilər.
Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə miras qoyanın bu və ya digər vərəsəni vərəsəlik hüququndan məhrum etməsi üçün xüsusi imkanlar nəzərdə tutulmuşdur. Bunlara vəsiyyətnamə qoymaq, məcburi paydan məhrum etmək üçün məhkəmədə iddia qaldırmaq və s. aiddir.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, nikah qeydi ləğv edilməyincə, nikaha xitam verilməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə minməyincə və yaxud nikah etibarsız hesab edilməyincə nikahın həqiqiliyi prezumpsiyası qüvvədə olur.
Bəzi hallarda isə ər-arvad arasında qeydiyyata alınmış nikahın mövcud olmasına baxmayaraq, onların məhkəmə qaydasında vərəsəlik hüququndan məhrum edilməsinə yol verilir. Mülki qanunvericilik ər-arvadın rəsmi nikah münasibətlərində olmasına baxmayaraq, onların üç il ərzində nikaha faktiki xitam verilməsi və ayrı yaşamaları barədə iradə ifadəsini əsas götürərək, qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinin mümkünlüyünü təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 1164-cü maddəsinə əsasən, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.
Ərin (arvadın) miras qoyanın vərəsəsi olmaq hüququndan məhrum edilməsi barədə iddia ilə məhkəməyə Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən edilmiş növbəliliyə uyğun olaraq ölən şəxsin vərəsələri müraciət edə bilərlər.
Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir:
- tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi;
- ər-arvadın ayrı yaşamaları;
- qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddəsinə formal əsaslanmaqla arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik və ailə hüquqlarının ümumi prinsiplərinə uyğun olmazdı.
Mülki Məcəllənin 1164-cü maddəsində istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsi isə mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da nikah real olaraq sonlanmış olur.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bununla bağlı qeyd etmişdir ki, nikah münasibətləri nikaha girən şəxslər üçün xüsusi status yaradır. Nikahda olan ər-arvadın bilərəkdən və şüurlu surətdə girdikləri münasibətin doğurduğu hüquqi nəticələr bu növ qarşılıqlı münasibətləri digər birgəyaşayış növlərindən fərqləndirir. Ər-arvadın qarşılıqlı münasibətlərində vacib məsələ qarşılıqlı öhdəliklərin mövcudluğudur. Tərəflərin münasibətlərinin uzunmüddətli olmasına baxmayaraq, onlar arasında məcburi hüquqi qüvvəyə malik olan qarşılıqlı öhdəliklərin olmaması onların birgə yaşayışını ərlə arvadın birgə yaşayışından tamamilə fərqləndirir (Börden Birləşmiş Krallığa qarşı iş üzrə 2008-ci il 29 aprel tarixli Qərar).
Qanunvericilikdə nəzərdə tutulmuş üç il müddət isə tərəflərin nikah münasibətlərinə faktiki xitam verilməsi qərarında israrlı olduqlarını, ailə münasibətlərini bərpa etmək istəklərinin olmamasını dəqiqləşdirmək üçün müəyyən edilmiş müddətdir.
Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
Nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız Mülki Məcəllənin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr             Fərhad Abdullayev

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 20 dekabr tarixli 414 nömrəli, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1509-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 5 aprel tarixli 608 nömrəli, “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1510-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 5 aprel tarixli 609 nömrəli, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 12 iyul tarixli 780 nömrəli və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 26 noyabr tarixli 863 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2408 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Prezidentinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2015-ci il 12 noyabr tarixli 672 nömrəli, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2018-ci il 14 dekabr tarixli 400 nömrəli, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında” 2018-ci il 20 dekabr tarixli 417 nömrəli, “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 17 yanvar tarixli 479 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında” 2021-ci il 6 aprel tarixli 1308 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2392 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2019-05-16 21:52:00