×
A
A
A
Sazlamalar

İnam Kərimov: Ötən 2 gündə “Caspian Agro” sərgisini ziyarət edənlərin sayı 9 mini keçib

Bakı, 16 may, Ramiz Quliyev, AZƏRTAC

Builki Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisi çox möhtəşəm keçir. Sərginin keçirildiyi ərazi təqribən 12 min 600 kvadratmetrdir. Bu da ötən illə müqayisədə 20 faiz çoxdur. Şirkətlərin sayında da xeyli artım var. Belə ki, builki sərgidə 440-dan çox yerli və xarici şirkət iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 16-da Bakı Ekspo Mərkəzində jurnalistlərə müsahibəsində Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazir qeyd edib ki, ötən 2 gün ərzində sərginin ziyarətçilərinin sayı 9 mini keçib. Belə ki, ziyarətçilər və iştirakçıların 15 faizi məhz əcnəbilərdir. Bu isə sərgiyə olan marağın göstəricisidir.
Sərgiyə olan marağın əsas səbəbini açıqlayan İ.Kərimov bildirib ki, ötən il Prezident İlham Əliyev tərəfindən lizinq fəaliyyəti ilə bağlı texnika bazarının tənzimlənməsinə dair mühüm islahat həyata keçirilib. Nəticə etibarilə bazarda ədalətli rəqabət mühiti formalaşıb. Artıq bütün texnikanın və damazlıq heyvanların alınmasında qərarı yalnız fermer verir. Fermer istəyindən asılı olaraq zəruri texnikanı əldə edə bilir. Dövlət bununla yanaşı, öz subsidiyalaşma siyasətini həyata keçirir: “Aqrar texnika sahəsində bu 40 faiz təşkil edir. Damazlıq heyvanın lizinqə verilməsi sahəsində isə bu 60 faizdir. Hesab edirəm ki, bu aktivlik növbəti gün də davam edəcək, qarşıdakı illərdə sərgidə iştirakçıların sayında daha böyük altivlik müşahidə olunacaq".

Sərgilər 2019-05-16 20:12:00