×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar vergi və gömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənədin verilməsi QAYDASI

Azərbaycan Respublikası Prezidentinin 
2019-cu il 16 may tarixli
Fərmanı ilə təsdiq edilmişdir


1. Bu Qayda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (bundan sonra – AFFA) hüquqi və fiziki şəxslərə (bundan sonra – şəxs) Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar vergi və gömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənəd (bundan sonra – təsdiqedici sənəd) verməsi qaydasını müəyyən edir.
2. Təsdiqedici sənəd Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra – Məcəllə) və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (bundan sonra – Qanun) müəyyənləşdirilmiş güzəştləri və azadolmaları əldə etməyə əsas verən sənəddir.
3. Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar təsdiqedici sənəd yalnız Məcəllədə və Qanunda nəzərdə tutulmuş şəxslərə verilir.
4. Təsdiqedici sənədin verilməsi üçün malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı ilə əlaqədar bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin siyahısını Avropa Futbol Assosiasiyaları Birliyi (bundan sonra – UEFA) təsdiq etməli və elektron qaydada AFFA-ya göndərməlidir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin və ya Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müraciəti əsasında AFFA-nın malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi ilə bağlı müqavilələrin surətlərinin təqdim edilməsini UEFA-dan tələb etmək hüququ vardır.
5. Təsdiqedici sənəddə onun verildiyi şəxslərə dair aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
5.1. fiziki şəxsdirsə – adı, atasının adı, soyadı, fərdi identifikasiya nömrəsi (Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslərə münasibətdə), futbol klubunun (assosiasiyasının) oyunçusu və ya işçisi olmasına dair məlumat;
5.2. hüquqi şəxsdirsə – adı, qeydiyyatda olduğu ölkədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı, UEFA-nın yaratdığı və ya onu təmsil edən, yaxud onun tərəfindən səlahiyyətləndirilmiş hüquqi şəxs olmasına dair məlumat.
6. Təsdiqedici sənəd bu Qayda ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla UEFA tərəfindən rəsmi təqdim edilmiş siyahıda adları sadalanan şəxslərlə bağlı həmin şəxslərin müraciəti olmadan, UEFA-nın müraciəti əsasında AFFA tərəfindən 3 (üç) iş günü ərzində UEFA-ya və bu Qaydanın 3-cü hissəsində qeyd olunan şəxslərə verilir.
7. AFFA verdiyi təsdiqedici sənədlə birgə aşağıda göstərilən məlumatları da elektron qaydada və ya kağız daşıyıcıda 3 (üç) iş günü ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təqdim etməlidir:
7.1. xidmət (mal, iş) əldə edən və təqdim edən vergi ödəyicisinin adı;
7.2. xidmət (mal, iş) əldə edən və təqdim edən vergi ödəyicisinin qeydiyyatda olduğu ölkədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
7.3. xidmət (mal, iş) əldə edən və təqdim edən vergi ödəyicisinin rezidenti olduğu ölkə;
7.4. xidmətin (malın, işin) adı;
7.5. xidmətin (malın, işin) məzmunu;
7.6. müqavilənin tarixi;
7.7. müqavilənin nömrəsi;
7.8. müqavilənin dəyəri;
7.9. müqavilənin icrasının başlanma tarixi;
7.10. müqavilənin icrasının bitmə tarixi.
8. Təsdiqedici sənədin formasını AFFA təsdiq edir.
9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və (və ya) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Qaydanın 7-ci hissəsində göstərilən məlumatlarda uyğunsuzluq və ya çatışmazlıq aşkar etdikdə və onların aradan qaldırılması mümkün olmadıqda bu barədə AFFA-ya dərhal məlumat verməlidirlər.
10. AFFA bu Qaydanın 9-cu hissəsinə əsasən daxil olmuş məlumatı təsdiq etdikdə təsdiqedici sənədin ləğvi barədə qərar qəbul edir və UEFA-nı, Azərbaycan Respublikasının Vergilər Nazirliyini və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini dərhal məlumatlandırır.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2019-05-16 18:46:00