×
A
A
A
Sazlamalar

Gənclər “Narkomaniyaya yox!” deyir

Bakı, 16 may, AZƏRTAC 

Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhid Fəxrəddin Muradov adına 7 saylı tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı birgə mübarizə” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayev müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Eləcə də “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının da çox çətin olduğunu vurğulayıb. Narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib. Yaşadığımız dövrdə ümumbəşəri bəlaya çevrilmiş narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəkləri neqativ hallardan danışan M.Babayev bu bəla ilə mübarizə yolları haqqında geniş məlumat verib.
Bərdə Rayon Polis Şöbəsinin Veteranlar Şurasının sədri Dilən Həsənov dövlətimizdə dinin dövlətdən ayrı olduğunu və ölkəmizdə yaşayan hər bir şəxsin dini inancına hörmətlə yanaşıldığını, ancaq bu azadlıqdan sui-istifadə edənlərin olduğu barəsində məktəblilərə ətraflı məlumat verib. Bildirib ki, onları öz təsirlərinə salmaq üçün əsas hədəfləri bu mövzular barəsində o qədər də məlumatlı olmayan gənclərdir. Məhz buna görə də dövrümüzdə həssas olan bu mövzular barəsində şagirdləri diqqətli və məlumatlı olmağa çağırıb.
Təhsil müəssisəsinin direktoru Mehparə Mustafayeva erkən nikahın fəsadları barəsində gəncləri məlumatlandırıb. Əvvəllər belə hallara daha çox rast gəlindiyini, ancaq indi cəmiyyətin müasirləşdiyini və qanunla nikah yaşının minimum 18 olduğunu diqqətə çatdırıb. Erkən nikahların böyük əksəriyyətinin sonradan boşanma ilə nəticələndiyini və bu işdə hamının ən azı mənəvi məsuliyyət daşıdığını bildirib.
Sonda şagirdlər tərəfindən hazırlanmış bədii kompozisiyalar göstərilib.

Sosial 2019-05-16 18:32:00