×
A
A
A
Sazlamalar

Azərbaycan dilinin tədqiqində zəhməti olan alim

Bakı, 16 may, AZƏRTAC 

Mayın 16-da Yazıçılar Birliyinin Natəvan klubunda professor Əzizxan Tanrıverdinin anadan olmasının 60 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Yazıçılar Birliyinin üzvü Fərqanə Mehdiyeva açaraq alimin dilçilik elmindəki xidmətlərindən danışıb. Qeyd edib ki, alimin “Azərbaycan antroponimləri”, “Kitabi-Dədə Qorqudda şəxs adları”, “XVI əsr qıpçaq dilinin qrammatikası”, “Kitabi-Dədə Qorqudun söz dünyası”, “Türkologiyamızın Afad Qurbanovu” əsərləri öz aktuallığı ilə hər zaman seçilir.
ADPU-nun filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova alimin yaradıcılıq yolundan bəhs edib. Bildirib ki, Ə.Tanrıverdi Azərbaycan dilinin tanınmış tədqiqatçılarındandır. Onun “Azərbaycan dilinin tarixi qrammatikası”, “Dilin poeziyası”, ''Çal qılıncını Xan qazan'' əsərləri dilimizə böyük töhfədir.
Tədbirdə çıxış edən professorlar Fərrux Rüstəmov, Təyyar Salamoğlu , Minəxanım Nuriyeva və İlham Abbasov Ə.Tanrıverdinin insani keyfiyyətlərindən, o cümlədən təvazökarlığından, xeyirxahlığından söz açaraq, onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, onun əsərləri təkcə respublikamızda deyil, Orta Asiyada, eləcə də qardaş Türkiyədə böyük maraqla oxunur.

Mədəniyyət 2019-05-16 17:53:00