Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda məqaləsi dərc olunanlar mükafatlandırılacaq

Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə 2018-ci ildə “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşən jurnallarda dərc olunan məqalələrin müəyyənləşdirilməsi haqqında sərəncam imzalayıb.
AMEA-nın Elm və Təhsil Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, sərəncama əsasən, bu elmi bazalarda indeksləşən jurnallarda dərc olunan hər bir məqaləyə görə onların müəlliflərinə 100 manat məbləğində pul mükafatının verilməsi nəzərdə tutulur.
Sərəncamda, həmçinin AMEA-nın elmi bölmələrinə tabeliklərində olan elmi müəssisələrin əməkdaşları tərəfindən 2018-ci ildə bu bazalarda indeksləşən jurnallarda dərc olunan məqalələrin siyahısının hazırlanması və iki həftə ərzində AMEA-nın Elm və Təhsil Baş İdarəsinin elmi-analitik şöbəsinə təqdim edilməsi barədə tapşırıq verilib.
Xatırladaq ki, AMEA prezidentinin müvafiq sərəncamına əsasən 2015-ci ildən etibarən akademiyanın alimlərinin elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda dərc olunan hər bir məqaləyə görə pul mükafatı verilir.

Elm və təhsil 2019-05-16 13:59:00