×
A
A
A
Sazlamalar

“Diario Feminista”: Mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu daha ədalətli və bərabərhüquqlu cəmiyyət yaradılmasına töhfə verir

Madrid, 16 may, AZƏRTAC

İspaniyada çıxan gündəlik “Diario Feminista” nəşrində Mar Xoanperenin “Mədəniyyətlərarası dialoq vasitəsilə daha təhlükəsiz dünya” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, material Bakıda keçirilmiş Mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumuna həsr edilib.
Məqalə müəllifi qeyd edir ki, ümumdünya forumunun işində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəvət edilmiş 500-ə yaxın nümayəndə - beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, dini liderlər və tədqiqatçılar iştirak edib. Bakı forumunun məqsədi mədəniyyətlərarası və beynəlxalq dialoq vasitəsilə sülhü möhkəmlətməkdir.
Məqalədə diqqətə çatdırılır ki, forumda mədəniyyətlərarası dialoq üçün məkan yaradılması təşəbbüsü irəli sürülüb. Məsələn, Şri-Lankadan olan Neluni Tillekeratnenin çalışdığı Gənclər hərəkatı müxtəlif icmalardan olan insanların barışmasına, birləşməsinə, habelə başqa mədəniyyətlərə hörmətin təşviqinə xidmət edir. Mar Xoanpere qeyd edir ki, Bakı forumunda iştirak etmiş din xadimlərinin bir qismi başqa mədəniyyətlərə və ya dinlərə mənsub qruplar tərəfindən hücumlara məruz qalıblar. Onlar mədəniyyətlərarası nifrət məsələsinə xüsusi diqqət yetirərək, mərhəmətli və dözümlü olmağa çağırıblar.
Məqalədə vurğulanır ki, Mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu qəbilindən olan tədbirlər müxtəlif qitələrdə yaşayan insanlar və qruplar arasında səmimiyyətə, qarşılıqlı anlaşmaya əsaslanan fikir mübadiləsi üçün daha ədalətli və bərabərhüquqlu cəmiyyət yaradılmasına töhfə verir.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Siyasət 2019-05-16 13:07:00