Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İnformasiya Texnologiyaları İnstitutunun milli İKT layihələri müzakirə edilib

Bakı, 16 may, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun dəstəyi ilə həyata keçirilən bəzi milli İKT layihələrinin müzakirəsi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan akademik Rasim Əliquliyev toplantının Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən və milli əhəmiyyət kəsb edən bir sıra İKT layihələrinin təqdim olunmasına həsr edildiyini deyib.
İnstitutda Big Data, proqram mühəndisliyi, informasiya iqtisadiyyatı, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə elmi tədqiqatlar aparıldığını deyən alim qurumun ölkəmizdə formalaşan informasiya cəmiyyəti, “Elektron Azərbaycan”, elektron elm və təhsilə, o cümlədən informasiya texnologiyalarının inkişafına və geniş tətbiqinə dəstək verdiyini, ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə qəbul olunmuş dövlət proqramlarında yaxından iştirak etdiyini bildirib.
Rasim Əliquliyev institutun veb-texnologiyalar sahəsində böyük potensiala malik olduğunu vurğulayaraq, qurumun mütəxəssisləri tərəfindən hazırlanan İKT layihələrindən danışıb.
Daha sonra institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov “Elmi kadrlar” milli informasiya sistemi barədə məlumat verib. Bildirib ki, bu sistem “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə yaradılıb.
Məruzəçi sistemin giriş formasının strukturunu təqdim edərək onun şəxsi məlumatlar, elmi əsərlər, kitablar, monoqrafiyalar, dərsliklər və dərs vəsaitləri, elmi ekspertiza fəaliyyəti, patentlər və ixtiralar, qrant layihələrində iştirak, eləcə də kadr hazırlığı, respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında təmsilolunma, əlaqə məlumatları bölmələrindən ibarət olduğunu nəzərə çatdırıb.
Fərhad Yusifov milli informasiya sisteminin imkanlarından da danışıb. Bildirib ki, elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında məlumat bazasının formalaşdırılması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, eləcə də təşkilatlar üzrə elmi fəaliyyətin monitorinqinin və qiymətləndirilməsinin aparılması sistemin əsas prioritet istiqamətlərindəndir.
Daha sonra institutun proqramçısı Yusif Sadıyev “Doktorantura” milli idarəetmə portalı haqqında məlumat verib. Portalı əyani nümayiş etdirən məruzəçi onun doktoranturaya müraciət edən şəxslər, elmi rəhbərlər və müvafiq qurumların səlahiyyətli şəxsləri üçün nəzərdə tutulduğunu söyləyib. Qeyd edib ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portalın əsas məqsədi mövcud məlumatlara əlçatanlığın artırılması istiqamətində dövlət siyasətinə dəstək vermək və Azərbaycanda təhsil alan bütün doktorantlar haqqında məlumatları bir bazada cəmləşdirməkdir. Məruzəçi doktorantlar və elmi rəhbərlərin qeydiyyatdan keçərək məlumatlarını yerləşdirməsi prosesini izah edib. Onun sözlərinə görə, doktorantların hər il keçdikləri attestasiyanın nəticələri bu sistemdə öz əksini tapacaq və doktorantlar müdafiə etdikdən sonra belə onlar haqqında məlumatlar portalda saxlanılacaq.
İnternet platformada müxtəlif ölkələrin musiqi ifaçılarının onlayn orkestr sistemi (LOLA sistemi) haqqında çıxış edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Babək Nəbiyev institutun “AzScienceNet” şəbəkəsinin üzvü olduğu GEANT (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) Assosiasiyasının Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən “EaPConnect” (Eastern Partnership Connect) layihəsi çərçivəsində bir sıra layihələrin reallaşdırıldığını bildirib. O, bu layihələrdən biri olan uzaq məsafədən insanların bir-biri ilə əlaqə yaratmasına imkan verən və sərhədsiz musiqi imkanları təqdim edən LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sistemi barədə məlumat verib.
Hazırda bu sistemə dünyanın 30-dan çox ölkəsi və 80-ə yaxın şəhərindən 107 nöqtədə qoşulmanın həyata keçirildiyini deyən Babək Nəbiyev bu yaxınlarda İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında quraşdırılmış LOLA audiovizual yayım sisteminin sınaq rejimində nümayiş olunduğunu və 2019-cu il ərzində bu texnologiyanın Azərbaycanda rəsmi təqdimat mərasiminin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.
Daha sonra institutun böyük elmi işçisi Səbinə Məmmədzadə “Transliterasiya” informasiya sisteminin veb-saytını təqdim edib. O, institutun mütəxəssisləri tərəfindən hazırlanan saytın Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırıldığını qeyd edib. Səbinə Məmmədzadə onlayn mühitdə işləyəcək açıq transliterasiya sisteminin Azərbaycan, ingilis, rus, fransız, alman, fars dilləri üçün nəzərdə tutulduğunu söyləyib. Həmçinin onun “Ana səhifə”, “Transliterasiya haqqında”, “Transliterasiya standartları”, “Transliterasiya cədvəlləri”, “Təkliflər” və “Əməkdaşlıq” bölmələrindən ibarət olduğunu bildirib.
Sonda çıxış edən Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva təqdim olunan layihələrin ölkə üçün əhəmiyyətini qeyd edib, onların praktik tətbiqinin vacibliyini vurğulayıb və işlərin sürətləndirilməsini tövsiyə edib.
Təqdimatlara dair fikir mübadiləsi aparılıb, sual və təkliflər səsləndirilib.

Elm və təhsil 2019-05-16 12:52:00