Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İlahiyyat İnstitutunda seminar: İslamda oruc ibadəti

Bakı, 16 may, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazovun təqdimatında “İslamda oruc ibadəti” mövzusunda seminar keçirilib.
Aİİ–dən AZƏRTAC-a bildirilib ki, islamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov ali təhsil müəssisəsində tədrisin yüksək səviyyədə təşkili ilə yanaşı, tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi məqsədilə müxtəlif mövzularda ardıcıl təşkil olunan dəyirmi masa, seminar, treninq və görüşlərin xüsusi rol oynadığını qeyd edib.
“İslamda oruc ibadəti” mövzusunda çıxış edən Əhməd Niyazov Ramazan ayı haqqında geniş məlumat verib. Bildirib ki, İslamdan əvvəl də oruc bütün səmavi dinlərdə mövcud olub. Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu diqqətə çatdıran məruzəçi bu ayın insanları gözəl niyyət və xeyirxah əməllər naminə birliyə çağırdığını deyib. Nəzərə çatdırıb ki, Ramazan ayı cəmiyyətin fərdləri arasında əlaqənin gücləndirilməsində də xüsusi əhəmiyyətə malikdir.
Əhməd Niyazov ictimai sosial ədalətin yerinə yetirilməsi baxımından Ramazan ayını insanlar üçün bir fürsət kimi dəyərləndirib. Vurğulayıb ki, digər ibadətlərdə olduğu kimi, orucun da zahiri və batini tərəfləri mövcuddur. Bu ibadətin zahiri tərəfi sübh namazından axşam namazına qədər olan müddətdə yemək, içmək və məhrəm münasibətdən uzaq durmaqdır. Orucun batini-mənəvi yönü isə İslamın əxlaq prinsiplərinə əməl edərək, ruhun və mənəviyyatın tərbiyə olunmasıdır.
O bildirib ki, orucun əsas məqsədlərindən biri aclığın və yoxsulluğun səbəb olduğu bioloji və psixoloji vəziyyəti yaşamaqdır. Cəmiyyətin vəhdətini təmin edən əsas amillərdən biri də insanların bir-birinə qarşı səbirlə davranmaları, müxtəlif fikirlərə dözümlə yanaşmalarıdır.
Seminar maraqlı müzakirələr və sual-cavabla davam edib.

Elm və təhsil 2019-05-16 12:23:00