Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Discovery Channel”-in yaradıcısı rançosunu 279 milyon dollara satışa çıxarıb

Bakı, 16 may, AZƏRTAC

“Discovery Channel” televiziya şəbəkəsinin banisi Con Hendriks Kolorado ştatındakı rançosunu 279 milyon dollara satışa çıxarıb.
AZƏRTAC “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, Hendriks 2,8 min hektarlıq torpaq sahəsini 1990-cı illərdə əldə edib. Onun burada tikdirdiyi sahəsi 2 min kvadratmetr olan yaşayış binasında iki qonaq evi, rəsədxana, uçuş-eniş zolağı və iki helikopter meydançası var.
Potensial alıcı əsas ranço ilə yanaşı, 687 hektar ərazidə yerləşən kurort kompleksini də əldə edəcək. Kompleksə 72 nömrəlik otel, 14 bunqalo, 5 restoran daxildir. Hendriksin həmin ərazidə yerləşən şəxsi kolleksiyasına daxil olan avtomobil muzeyi də rançonun yeni sahibinə qalacaq. Burada 55 nadir avtomobil nümunəsindən söhbət gedir.
Qeyd edək ki, 67 yaşlı Con Henrdiks 1985-ci ildə sonradan televiziya şəbəkəsinə çevrilən “Discovery Channel” telekanalını təsis edib. Kanal öz istehsalı olan çoxsaylı populyar elmi verilişləri ilə məşhurudur. Dünyanın bir çox ölkəsi şəbəkənin kanallarının yayımını həyata keçirir. Hendriks 2014-cü ildə kompaniyanın direktorlar şurasının sədri vəzifəsini tərk edərək “CuriosityStream” striminq servisinin əsasını qoyub.

Dünya 2019-05-16 12:22:00