Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şirvanda kütləvi tibbi müayinədən keçirilən sakinlərdən 5 min 339 nəfəri müalicəyə cəlb olunub

Şirvan, 16 may, Mahir Babayev, AZƏRTAC

Şirvanda əhalinin tibbi profilaktik müayinəsi uğurla başa çatıb. Dövlət başçısının tapşırıq və tövsiyəsi ilə fevralın 12-dən start götürən və 3 ay davam edən aksiya zamanı 55 min 350 nəfər şirvanlı kütləvi tibbi müayinədən keçirilib ki, bu da 18 yaşından yuxarı şəhər sakinlərinin 87 faizini təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, humanitar aksiya Şirvan Şəhər Mərkəzi Poliklinikasında keçirilib. Şəhər sakinləri poliklinikada fəaliyyət göstərən elektrokardioqrama, ultrasəs, rentgen, füloqrafiya və digər şöbələrdə ixtisaslı həkimlər tərəfindən müayinə olunublar.
Poliklinikanın müdiri Səadət Quliyeva bildirib ki, aksiya ilə bağlı şəhər poliklinikasında bütün zəruri şərait yaradılıb. Təcrübəli həkim və orta tibb heyəti aksiyaya cəlb olunub. İşin yaxşı təşkili nəticəsində hər gün 400-450–dən çox vətəndaş müayinə edilib. Artıq aksiya müvəffəqiyyətlə başa çatıb. Tibbi yoxlamalar zamanı 5 min 339 nəfərin səhhətində müəyyən problemlər aşkarlanıb. Onlardan 4 min 576 nəfəri ambulator, 534 nəfəri stasionar müalicəyə cəlb olunub, 115 nəfər təkrar müayinə və müalicə üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib. 114 nəfərin üzərində isə cərrahiyə əməliyyatı aparılıb.
Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.

Regionlar 2019-05-16 11:57:00