Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İmişli, Şamaxı və Ağsu rayonlarında maddi mədəniyyət nümunələri aşkar edilib

Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasının növbəti iclası son illərdə İmişli, Şamaxı və Ağsu rayonları ərazisində yeni arxeoloji abidələrdə aparılan elmi tədqiqatların nəticələrinə həsr edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin aparıcı elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev “2017-2019-cu illərdə İmişli rayonunun Zilitəpə-Qızıltəpə abidəsində aparılmış arxeoloji qazıntılar” mövzusunda məruzə ilə çıxış edib. Elektron görüntülərlə müşayiət olunan məruzəsində Mikayıl Mustafayev qeyd edib ki, 2017-ci ildə İmişli rayonunun Qızılkənd kəndi ərazisində eramızdan əvvəl I minilliyin sonlarına aid, Makedoniyalı İsgəndərin 9 ədəd gümüş draxmalarının tapılması ilə əlaqədar tarix üzrə fəlsəfə doktoru Akif Quliyevlə birgə əraziyə ezam olunub. İlkin kəşfiyyat xarakterli tədqiqatlar ərzində ərazidə antik dövrə aid nekropol, tunc dövrünə aidiyyəti ehtimal edilən kurqanlar, həmçinin su hövzəsi ilə əhatə olunan Qızıltəpə abidəsi aşkar edilərək qeydiyyata alınıb. Ötən ildə və cari ilin mart-aprel aylarında Mikayıl Mustafayevin rəhbərlik etdiyi İmişli arxeoloji ekspedisiyası tərəfindən Qızıltəpə abidəsində qazıntılar aparılıb.
Məruzədə qazıntıların metodu da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qazıntılar zamanı su hövzəsi ilə əhatə olunan, 5 hektardan çox ərazini əhatə edən, hündürlüyü 17 metrə yaxın və iki hissədən ibarət Qızıltəpə abidəsinin ilkin tədqiqatları nəticəsində sahənin cənub istiqamətində çiy kərpicdən tikilmiş, eni 55 santimetr olan divar qatı, daha sonra qərb istiqamətində paralel olaraq digər çiy kərpicdən hörülən divar, yaxşı vəziyyətdə qalan təndirlər, rəngli naxışlı, şirli və şirsiz, həmçinin əl işləri ilə döymələr vurulan bir çox məişət əşyaları, şüşə qab fraqmentləri, sümük alətlər, mis sikkələr aşkar olunub. İlkin nəticəyə görə, abidənin üst qatları erkən orta əsrlərdən Çingizxan yürüşlərinədək dövrü əhatə edir. Amma bununla yanaşı, kəşfiyyat şurfunun materialları arasında eramızdan əvvəl I minilliyə aid maddi mədəniyyət nümunələri də aşkar olunub. “Su hövzəsi ilə əhatə olunan və istehkam xarakteri daşıması ehtimal edilən abidədə tədqiqat aparılması bölgənin qədim tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə Mikayıl Mustafayev xüsusi olaraq vurğulayıb. Elektron görüntülər kontekstində abidənin dron vasitəsilə videoçəkilişləri də tədbir iştirakçılarına nümayiş etdirilib.
Daha sonra institutun numizmatika və epiqrafika şöbəsinin müdiri, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin “Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının 2017-2019-cu illərdə apardığı tədqiqatların yekunu” mövzunda elmi məruzəsi dinlənilib. Akif Quliyev bildirib ki, rəhbərlik etdiyi ekspedisiya tərəfindən 2016-cı ildə Dəmirçi-Lahıc yolu çəkilərkən aşkara çıxarılan, sahəsi 1,5 hektar olan Gəgəli nekropolunda 10 daş qutu qəbir aşkar edilib. 2017-2019-cu illərdə ekspedisiya Dəmirçi yaşayış yerində tədqiqatlar apararaq, son antik və erkən orta əsrlər dövrünə aid qala divarları qalıqlarını aşkara çıxarıb.
Tədqiqatlar zamanı Qafqaz Albaniyasının son antik və erkən orta əsrlər dövrünə (I-IV əsrlər) aid maddi mədəniyyət nümunələri aşkar edilib. Qəbir kameralarından bəzək əşyaları, saxsı qablar, dəmir silahlar, numizmatik materiallar tapılıb. Eyni zamanda, nekropolun yaxınlığında qala divarları və yaşayış məskəninin qalıqları tapılıb, qala divarlarının bünövrəsindən eramızdan əvvəl IV-III əsrlərə aid təknə qəbir fraqmentləri, qalanın daxilində V-XIII əsrlərə aid maddi mədəniyyət nümunələri aşkar edilib.
Bildirilib ki, 2017-ci ilin oktyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfərləri zamanı Dəmirçi kəndində Gəgəli nekropolunda aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkara çıxarılan maddi mədəniyyət nümunələri və Dəmirçi arxeoloji muzeyinin layihəsi ilə tanış olublar. 2018-ci ilin avqustun 26-da ölkə rəhbəri növbəti səfəri zamanı Dəmirçi kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Arxeoloji muzey ilə yaxından tanış olub.
Məruzəçi tədbir iştirakçılarına 2018-2019-cu illərdə ərazidə aparılan arxeoloji tədqiqatların metodları və aşkar edilən materialların görüntülərini nümayiş etdirib.
Bu ilin mart ayında Akif Quliyevin rəhbərlik etdiyi ekspedisiya Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında erkən orta əsrlərə aid qala divarlarına malik yaşayış yerində müxtəlif formalı və ölçülü saxsı şirsiz qab fraqmentləri, dəmirdən hazırlanan ox ucları, nizə başlıqları, qılınc fraqmentləri, möhür-üzüklər, əqiq və pastadan hazırlanan muncuqlar və s. aşkar edib. Tapılan təsərrüfat küplərinin ikisinin üstündə erkən orta əsrlər türk tayfalarına məxsus damğalar müəyyən edilib.
Sonra məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Elm və təhsil 2019-05-16 11:55:00