Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bakıda “Sınıqların bazis prinsipləri” mövzusunda beynəlxalq praktik təlim kursu keçirilir

Bakı, 16 may, Əziz Məmmədov, AZƏRTAC

Mayın 16-dan 18-nə kimi Bakıda Azərbaycanın travmatoloq və ortopedləri üçün “Sınıqların bazis prinsipləri” mövzusunda beynəlxalq praktik təlim kursu keçirilir. Beynəlxalq kursda ölkənin müxtəlif regionlarından (Sumqayıt, Gəncə, Şirvan, Qusar, Naxçıvan, Göyçay və s.), 7 özəl klinikadan (“City Hospital”, “Zəfəran”, “Avrasiya” və s.), Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan (ETTOİ) və Azərbaycan Tibb Universitetinin travmatologiya və ortopediya kafedrasından 26 travmatoloq və ortoped iştirak edir.
AZƏRTAC xəbər verir ki, tədbir Beynəlxalq Travmatoloq-Ortoped Cərrahlar və Dayaq-Hərəkət Aparatı Tədqiqatçıları Cəmiyyətinin (“AOTrauma”) Avropa bölümü və bu qurumun Azərbaycan üzrə əlaqələndiricisi, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun aparıcı elmi işçisi, tədbirin həmsədri, tibb elmləri doktoru Aydın Qəhrəmanov tərəfindən təşkil edilib.
Tədbirin məqsədi Azərbaycan travmatoloqlarının əsas elmi-nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Həmçinin Azərbaycanın travmatoloq və ortopedləri üçün ilk dəfə olaraq mulyajlar üzərində praktik tətbiqli kurs keçiriləcək.
Kursda Türkiyə və Böyük Britaniyadan olan, bu sahədə tanınmış mütəxəssislərlə yanaşı A.Qəhrəmanov, ETTOİ-nin professoru Qələndər Canbaxışov və başqalarının məruzələri dinlənilib. Onlar ağır travmaların müalicəsi istiqamətində öz təcrübələrini bölüşüblər.
Sonra iştirakçılara dünyada bu sahə üzrə baş verən yeniliklər və onların tətbiqi yolları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, biliklə cərrahi təcrübənin düzgün uyğunlaşması travmatoloqlara nəzəriyyəni təcrübədən keçirməklə sınıqların müalicəsində yaxşı nəticə əldə etməyə imkan yaradır.
Kursun sonunda həkimlərə beynəlxalq sertifıkatlar veriləcək.
Qeyd edək ki, “AOTrauma”nın əsas məqsədi travmatoloji problemləri olan pasiyentlərin müalicəsinin keyfiyyətini artırmaq üçün elmi yenilikləri ictimaiyyətə çatdırmaqdır. “AOTrauma” tərəfindən Bakıda ilk beynəlxalq seminar 2017-ci ilin noyabrında keçirilib və “Diz oynağı nahiyəsində sınıqların müalicəsi” mövzusuna həsr olunub.

Səhiyyə 2019-05-16 11:40:00