Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yeni suvarılan torpaqların istifadəyə verilməsi ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına geniş imkanlar yaradır

Bakı, 16 may, AZƏRTAC

Azərbaycanda aqrar sahənin uğurlu inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin hər iki dövründə bu sahə, xüsusilə suvarma işinin təşkili kənd təsərrüfatının inkişafının əsas amillərindən biri kimi daim diqqətdə saxlanılıb, yaranan problemlərin həlli üçün bir sıra layihələr həyata keçirilib. Bu sahədə son illərdə də mühüm tədbirlər görülür. Belə ki, meliorasiya və irriqasiya sistemlərindən səmərəli istifadənin təşkili, suvarma şəbəkələrinin genişləndirilməsi, su sistemlərində təmir-bərpa işlərinin görülməsi nəticəsində suvarılan torpaqların su təminatı və onların meliorativ vəziyyəti yaxşılaşdırılıb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində deyib: “Son illərdə meliorativ tədbirlərin həyata keçirilməsi geniş vüsət almışdır. Biz bir neçə il ərzində yüz minlərlə hektar yeni torpağa su xətləri çəkdik. Bu il biz ən azı əlavə 70 min hektara su xətləri çəkib, orada da meliorativ tədbirləri yaxşılaşdıracağıq”.
Bəs bu sahədə ötən il hansı işlər görülüb, qarşıdakı perspektiv nədən ibarətdir? AZƏRTAC-ın bu sualını Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov cavablandırıb.
Bildirib ki, torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, yeni suvarılan torpaqların istifadəyə verilməsi əhalinin ərzaq məhsullarına olan tələbatının, əsasən, yerli istehsal hesabına ödənilməsinə əlverişli şərait yaradıb.
Azərbaycan Respublikası Prezidentinin ölkədə iri taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar müvafiq sərəncamlarının icrası olaraq, təkcə ötən il Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əliləmbəyli kəndlərinin 7551 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması üçün 8,6 kilometr uzunluğunda magistral təzyiqli boru kəmərinin, nasos stansiyasının, dəmir-beton üzlüklü magistral kanalın 23 kilometr qurğularla birlikdə tikintisi üzrə işlər yerinə yetirilib və obyektin tikintisi tamamlanıb. Ağcabədi rayonunun 1900 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün Yuxarı Mil kanalının davamı olaraq onun 6 kilometrlik hissəsi qurğularla birlikdə tikilib.
Eyni zamanda Sabirabad rayonunun 9319 hektar və Biləsuvar rayonunun 1631 hektar qış otlaq sahəsinə Kür çayından suvarma suyunun çatdırılması üçün 15 kilometr uzunluğunda dəmir-beton üzlüklü magistral kanalın, 6,1 kilometr uzunluğunda basqılı boru kəmərinin, 14 kilometr uzunluğunda açıq kollektorların və 3277 poqonmetr monolit dəmir-beton üzlüklü sutullayıcı kanalın tikintisi işləri yerinə yetirilib. Eləcə də Hacıqabul rayonunun Qarasu kəndinin 2720 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün Qarasu magistral kanalının 2,6 kilometr uzunluğunda olan hissəsinin və 26,5 kilometr uzunluğunda paylayıcı kanalların tikintisi tamamlanıb. Qazaxın Qaymaqlı kəndinin 500 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması üzrə müvafiq tədbirlər də başa çatdırılıb.
2017-ci ildə torpaq məcrada inşa olunmuş 54,2 kilometr uzunluğunda Araz çayının yeni qol-kanalının beton üzlüyə alınması işləri 2018-ci ildə tamamlanıb və əlavə olaraq 13145 hektar (Saatlıda 2500 ha, İmişlidə 9645 ha, Biləsuvarda 1000 ha) yeni suvarılacaq torpaq sahələrinə suvarma suyu çatdırılıb. 2018-ci il oktyabrın 22-də Prezident İlham Əliyevin iştirakı ilə Araz çayının yeni qol kanalı istifadəyə verilib. Arazın yeni qolundan torpaq sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların tikintisi üzrə 1-ci mərhələdə İmişli (8357 ha) və Biləsuvar (8506 ha) rayonlarının 16863 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 37 kilometr uzunluğunda paylayıcı kanalların qurğularla birlikdə tikintisi aparılıb.
Həmçinin Neftçala rayonunun 12433 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Neftçala magistral kanalının layihə ilə nəzərdə tutulan qalan 11,4 kilometr hissəsinin hidrotexniki qurğularla birlikdə tikintisi tamamlanıb.
Səhmdar Cəmiyyətin nümayəndəsi deyib ki, 2018-ci il iyunun 5-də Prezident İlham Əliyevin iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılış mərasimi keçirilib. Eyni zamanda, kanalın son 14 kilometrinin 5,5 kilometrlik hissəsinin tikintisi ilə 11788 hektar (ondan 1570 hektar yeni suvarılacaq sahələrdir) torpaq sahəsinə suvarma suyu çatdırılıb.
Goranboy, Samux, Şabran və Qax rayonlarında yaradılmış aqroparkların, ümumilikdə, 7986 hektarına suvarma suyunun verilməsi üçün suvarma kanallarının və hidrotexniki qurğuların tikintisi işlərinin də yekunlaşdığını deyən Dilqəm Şərifov qeyd edib ki, Qaxda yaradılan aqroparka məxsus 1553 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun verilməsi üçün tikinti işləri başa çatdırılıb.
Eyni zamanda, Xəzər rayonunun Qoşaqışlaq kəndi ərazisində 758 hektar yeni torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün 7 kilometr uzunluğunda təzyiqli boru kəmərinin və 50 min kubmetrlik basqılı hovuzun beton işləri tamamlanıb. Xəzər və Pirallahı rayonlarında yerləşən 1227 hektara Abşeron magistral kanalından, Xızı rayonu ərazisində yerləşən 380 hektara Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi üçün müvafiq tədbirlər icra olunub. Abşeron magistral kanalının 14,8 kilometrə yaxın hissəsinin yenidən qurulması işləri davam etdirilib. Obyekt tərkibində Mehdiabad və Novxanı qəsəbələrinin 590 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması üzrə layihə sənədləri hazırlanıb.
Şirvan düzünə yeni həyat verəcək Yuxarı Şirvan kanalının yenidən qurulması üzrə layihə sənədlərinin hazırlanması işləri də diqqət mərkəzindədir. Layihə çərçivəsində mövcud suvarılan və suvarılması nəzərdə tutulan yeni sahələrin müəyyənləşdirilməsi üçün Yevlax, Ağdaş, Ağsu, Kürdəmir, Göyçay, Hacıqabul və Şamaxı rayonları üzrə yer quruluşu, topoqrafiya, geoloji-axtarış və digər işlər yerinə yetirilib, kanalın 123 kilometrlik hissəsinin yenidən qurulmasının layihə-smeta sənədləri işlənib.
Kanalın yenidən qurulmasında əsas məqsəd gələcəkdə kənd təsərrüfatı sektoruna xidmət etmək üçün suburaxma qabiliyyəti daha böyük olan yeni bir magistral kanalın yaradılmasıdır. Buna görə yeni Yuxarı Şirvan kanalı ümumi uzunluğu təxminən 190 kilometr, suburaxma qabiliyyəti 180 kubmetr-saniyə olan beton üzlükdə inşa olunacaq və əlavə sahələri suvarma suyu ilə təmin edəcək.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı (400 hektar) və Füzuli rayonunun ona bitişik Mirzənağılı kəndlərinin (280 hektar) olmaqla, ümumilikdə, 680 hektar əkin sahəsinə Araz çayından suyun verilməsi üzrə işlər tamamlanıb və obyekt istismara verilib.
Dilqəm Şərifov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 mart tarixli Sərəncamı ilə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 ədəd, 2018-ci il 5 noyabr tarixli Sərəncamı ilə Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün əlavə olaraq 35 ədəd subartezian quyusunun qazılması işləri də tamamlanıb.
Müsahibimizin sözlərinə görə, Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan “Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi üzrə Şabran rayonunda 4762 hektar yeni suvarılan torpaqlara suvarma suyunun çatdırılması və 7172 hektar sahədə su təminatının yaxşılaşdırılması üçün suvarma və kollektor drenaj şəbəkəsinin tikintisi işləri aparılıb. Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi obyekti üzrə Quba rayonu ərazisində Qaraçay çayında sugötürücü qurğunun və nəqledici kanalın tikintisi tamamlanıb, Samur-Abşeron kanalına əlavə suyun verilməsi ilə yanaşı, Quba rayonunda 6000 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması mümkün olub.
2018-ci ildə həyata keçirilmiş yenidənqurma və tikinti tədbirləri hesabına 92284 hektar (ondan 40108 hektar yeni suvarılan) sahədə torpaqlara suvarma suyu çatdırılıb.
Beləliklə, respublika üzrə 1392 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin edilməsi üçün mənbələrdən 9100 milyon kubmetr su götürülüb, su ayrıclarından 6500 milyon kubmetr su verilib və bitkilər 3,2 dəfə suvarma suyu ilə təmin olunub.
Görüləcək işlər barədə də danışan Səhmdar Cəmiyyətin nümayəndəsi vurğulayıb ki, cari ildə respublika üzrə 1392 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulur.
Bundan başqa, respublikanın 41 şəhər və rayonunun 254 yaşayış məntəqəsində 8362 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün cari ildə qazılması nəzərdə tutulmuş 300 ədəd subartezian quyusunun layihə-smeta sənədləri hazırlanıb. Onlardan 71-də qazma işləri başa çatdırılıb, 17-də isə işlərə başlanılıb.
Şəmkir maşın kanalının ikinci növbəsinin tikintisinin davam etdirilərək son 8,5 kilometrlik hissəsinin tikintisi tamamlanmaqla, Goranboy rayonunun daha 6796 hektar (ondan 5743 ha yeni suvarılacaq torpaqlardır) sahəyə suvarma suyu çatdırılacaq. Eyni zamanda, kanalın üçüncü növbəsinin layihə sənədlərinin hazırlanması işləri tamamlanacaq. Şəmkir maşın kanalının keçən əsrin 80-ci illərindən tikintisi yarımçıq qalmış Kür çayı üzərindəki mövcud 1-ci və 2-ci pillə nasos stansiyalarının hər birində 3 nasos aqreqatının quraşdırılması və 7315 poqonmetr (d=3040 mm) basqılı boru kəmərinin tikintisi ilə suvarma qabiliyyəti artırılacaq. Bununla da Şəmkir, Samux və Goranboy rayonlarında mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılacaq.
Dilqəm Şərifov bildirib ki, Xəzər və Pirallahı rayonlarında zeytun və badam bağları salınacaq ərazilərin suvarma suyu ilə təmin edilməsi üçün tikinti işləri, eləcə də Yuxarı Şirvan kanalının yenidən qurulmasının işçi layihə sənədlərinin hazırlanması işləri davam etdiriləcək.
Az məhsuldar qış otlaq sahələrində meliorativ tədbirlərin aparılması istiqamətində Sabirabad rayonunda işlər davam etdirilir, Salyan rayonunun 12589 hektar qış otlaq sahəsində isə kompleks meliorativ tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Yevlax, Goranboy, Ağcabədi, Füzuli, Oğuz, Şəki, Xaçmaz rayonlarında yaradılması nəzərdə tutulmuş iri təsərrüfatlara və aqroparklara məxsus 21166 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün layihə-smeta sənədləri hazırlanmaqla meliorativ tədbirlərin aparılmasına başlanılıb, Qobustan və Biləsuvar rayonlarında 2088 hektar sahədə yaradılacaq aqroparklara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinin layihə-smeta sənədləri hazırlanır.
Araz çayının yeni qol kanalından Saatlı, İmişli və Biləsuvar rayonları ərazisində 13145 hektar sahəyə suvarma suyunun paylanması üçün paylayıcı kanalların, Ağcabədi rayonunun 3800 hektara yaxın torpaq sahəsinə suvarma suyunun verilməsi üçün Yuxarı Mil kanalının tikintisi işləri davam etdirilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi bildirib ki, bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına geniş imkanlar yaranacaq.

Kənd təsərrüfatı 2019-05-16 10:43:00