Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Buta Airways” Bakıdan Odessaya birbaşa aviareyslərə başlayıb YENİLƏNİB

Odessa, 16 may, Elvin Camalov, AZƏRTAC
Mayın 16-da “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Ukraynanın daha bir şəhəri - Odessaya birbaşa uçuşlara başlayıb.
AZƏRTAC xəbər verir ki, aviareysin açılış mərasimində Azərbaycan Hava Yollarının Ukraynadakı nümayəndəsi Yaşar Əmirov Odessaya aviareyslərin həftənin cümə axşamı və bazar günləri yerinə yetiriləcəyini bildirib.
O qeyd edib ki, yeni açılan aviareysə sərnişin tələbatının çox olacağı proqnozlaşdırılır: “Hər iki şəhərdən kifayət qədər iş adamları bu reysdən istifadə edəcək və ölkələrin iqtisadiyyatına investisiya qoyulacaq. Ukraynaya yeni istiqamət üzrə aviareysin açılması iki ölkə arasında turist axınını daha da artıracaq. Odessa “Buta Airways”in Ukraynadakı 3-cü istiqaməti olacaq. Aviaşirkət artıq Kiyev və Xarkova müntəzəm uçuşlar həyata keçirir”.
Y.Əmirovun sözlərinə görə, gələcəkdə Ukraynanın digər şəhərlərinə də aviareyslərin açılması nəzərə tutulur.
Odessa vilayətinin Mədəniyyət və Turizm Departamentinin direktoru Tatyana Makrova, Odessa Beynəlxalq Aeroportunun marketinq və kommersiya direktoru Byaçeslav Çeqlatonev və Odessa vilayətinin Dövlət Administrasiyasının turizm nümayəndəsi Aleksandr Şeka isə qeyd ediblər ki, Bakı-Odessa-Bakı aviareysi hər iki ölkənin dostluq əlaqələrini möhkəmləndirəcək, iqtisadi və mədəni inkişafa təkan verəcək.
Qeyd edək ki, bu istiqamətə minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür. Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kiloqramadək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

Nəqliyyat 2019-05-16 08:16:00