Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Karolina Kosta: Əsas hədəfim “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaqdır

Bakı, 15 may, AZƏRTAC

Azərbaycanda keçirilən beynəlxalq turnirlərdə ilk dəfədir iştirak edirəm. Paracüdo üzrə Qran-Pri turniri Bakıda yüksək səviyyədə təşkil olunub. Karyeramda belə möhtəşəm turnirdə çox az iştirak etmişəm. Buna görə bu turnirə çox ciddi hazırlaşmışdım. Turnirə beş idmançı ilə qatılsaq da, yalnız mən qızıl medal qazana bildim.
Bu sözləri Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışında 70 kiloqramdan yuxarı çəki dərəcəsində birinci olan İtaliya təmsilçisi Karolina Kosta AZƏRTAC-a müsahibəsində deyib.
Yarışın yüksək səviyyədə təşkilinin Azərbaycanda idmana göstərilən diqqətin təzahürü olduğunu vurğulayan cüdoçu bildirib: “Turnirdə italiyalı paracüdoçular uğursuz çıxış etdilər. Lakin təkcə mənim qızıl medal qazanmağım komandamızın səkkizinci pilləyə yüksəlməsini təmin etdi. Yarımfinaladək bütün rəqiblərimə asanlıqla qalib gəldim. Yarımfinalda rəqibim Braziliya təmsilçisi, təcrübəli Rebekka Silva oldu. Finalda isə çinli idmançı ilə üz-üzə gəldim. Rəqibimin təcrübəsizliyindən istifadə edərək onu asanlıqla məğlubiyyətə uğratdım. Bu qələbə məni arxayınlaşdırmamalıdır. Çünki əsas məqsədim 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına lisenziya əldə etməkdir”.
Xatırladaq ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən Qran-Pridə 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparıb. XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirdə ölkəmizi 21 cüdoçu təmsil edib. Azərbaycan yığması 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında ikinci olub.

İdman 2019-05-15 21:54:00