Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Cəlilabadda narkomaniya və erkən nikahlarla bağlı müzakirələr aparılıb

Cəlilabad, 15 may, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” mövzularında müzakirələr aparılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, DİN-in və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər.
Rayonun Məşədilər, Xanagah və Qarğılı kənd orta məktəblərinin şagirdləri ilə keçirilən görüşdə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev çıxış edərək əsrin bəlası olan narkomaniyaya qarşı uğurlu mübarizədə belə görüşlərin əhəmiyyətini qeyd edib. O, sağlam cəmiyyətin formalaşması yolunda ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib, istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan tədbirlərin vacibliyini bildirib.
Maarifləndirmə tədbirində, həmçinin erkən nikaha daxilolma məsələsinə də toxunulub. Belə mənfi hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu diqqətə çatdırılıb.

Regionlar 2019-05-15 20:58:00