Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Muzey əməkdaşları Çində keçirilən beynəlxalq seminarda

Bakı, 15 may, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi fond işləri üzrə direktor müavini, dosent Məhfuzə Zeynalova, xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov Çinin Sian şəhərində “Bir kəmər, bir yol” Mədəni İrs Qlobal Alyansının (Belt and Road Cultural Heritage Global Alliance)” yaradılması ilə bağlı keçirilən beynəlxalq tədbirdə və alyansın 1-ci seminarında iştirak ediblər.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, Şimal-Qərb Politexnik Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirə 14 ölkədən 54 nümayəndə, muzey, universitet və elm mərkəzlərin təmsilçiləri qatılıb. Tədbirdə Şimal-Qərb Politexnik Universitetinin vitse-prezidenti He Cuocanq və Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Məhfuzə Zeynalova “Bir kəmər, bir yol” Mədəni İrs Qlobal Alyansın Bəyannaməsini diqqətə çatdırıblar. Alyansın məqsədi mədəni irsin tədqiqi, onun mühafizəsi sahəsində yüksək texnologiyaların tətbiqi və mədəniyyətlərarası əlaqələrə yardım etməkdir.
Tədbir çərçivəsində dünya muzeylərinin və elm mərkəzlərinin nümayəndələri ilə əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb, birgə layihələr müzakirə olunub.

Elm və təhsil 2019-05-15 20:18:00